Lənkəranda UEFA turniri keçirilib
18.03.2025 - 18:52
Lənkəranda UEFA turniri keçirilib

UEFA-nın “HatTrick” proqramı çərçivəsində ölkəmizdə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin cənub regionu üzrə futzal turniri başa çatıb.

Apasport.az xəbər verir ki, yarışda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 10 təhsil müəssisəsi mübarizə aparıb.

Lənkəran şəhəri Şiləvar kənd tam orta məktəbin idman zalında keçirilən yarışda ümumilikdə 100-dən çox şagird (qız və oğlan) iştirak edib. Turnirin final oyununda rəqibini üstələyən 7 saylı tam orta məktəbin kollektivi kuboku başı üzərinə qaldırıb. Turnirdə II və III yerləri müvafiq olaraq Kənarmeşə kənd tam orta məktəb və 5 saylı tam orta məktəbin kollektivləri tutub.
AFFA tərəfindən qalib komandaya kubok, medallar və hədiyyə toplar, II və III yeri tutan komandalara medallar, turnirdə iştirak edən bütün

şagirdlərə isə diplomlar təqdim olunub. Turnirdə xüsusi fərqlənən oyunçulara müvafiq nominasiyalar üzrə mükafatlar təqdim edilib. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssislər Orxan Mikayıllı və Ziya Səfərov, eləcə də, Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə təqdim ediblər.