
Azərbaycan milli komandasının sabiq hücumçusu Leandro Qomeş Apasport.az saytına açıqlama verib.
Vaxtı ilə yığma komandamızın şərəfini qorumuş braziliyalı millinin Haiti və Belarusa qarşı görüşdəki məğlubiyyətini şərh edib:
“Nə Haiti, nə də Belarusa qarşı Azərbaycan ən yaxşı oyunlarından birini keçirmədi. Doğrudur, oyunda bəzən Azərbaycan dominantlıq edirdi, bir neçə qol imkanları yaradırdılar. Amma bunları reallaşdıra bilmirdilər. Amma onlar ilk qolu buraxdıqdan sonra bu, öz oyunlarına böyük zərbə vururdu. Təəssüf ki, belə alındı. Hesabda geri qalmaq həmişə Azərbaycanın oyun tərzini dəyişirdi. Azərbaycan millisi daim qol imkanları yaratmalı, qol vurmalıdır. Hər halda, Azərbaycan millisinin yaxşı oynadığını demək olar. Sadəcə epizodları vura bilməmək nəticələri bu yerə gətirib çıxardı”.
Leandro, Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələdə Ukrayna, İslandiya və Fransa ilə eyni qrupda yer almasına münasibət bildirib: “Azərbaycanın qrupu çox güclüdür. Bu cür qrupdan birinci yerlə çıxmaq, birbaşa vəsiqə əldə etmək çox çətindir. Azərbaycan bəzi hallarda olduğu kimi ən yaxşı oyunlarını nümayiş etdirərsə, mən, həqiqətən də, Azərbaycan millisinin seçmə mərhələdə uğurlu çıxış edə biləcəyinə inanıram. Azərbaycan millisinin qrupda 2-ci pilləni tutmaq şansı var. Təbii ki, bu, çoxdan arzuladığımız pillədir. Ümidvaram ki, hər şey bu cür alınacaq”.
Qeyd edək ki, Qomeş 2006-2009-cu illərdə Azərbaycan millisində 18 matç keçirib.