Nadir Nəbiyev: "İndiki halda limitin ləğv olunmasını istəməzdim, ancaq.."
14.02.2025 - 15:39
Nadir Nəbiyev: "İndiki halda limitin ləğv olunmasını istəməzdim, ancaq.."

Azərbaycan millisinin veteran forvardı Nadir Nəbiyev apasport.az saytına müsahibə verib.

- AFFA-nın yeni sezonla bağlı verdiyi qərarlardan biri Premyer Liqada komanda sayının 12-yə yüksəldilməsidir. Birinci Liqada yaxşı mübarizə gedir. Sizcə, yeni sezondan yüksək liqaya hansı komandaların vəsiqə qazanması daha real görünür? Ümumiyyətlə, infrastruktur olaraq hansı komandanı daha hazır görünür?
 - Növbəti mövsüm Premyer Liqada komanda sayının 12-yə yüksəldilməsi çox yaxşı xəbərdi. Böyük ehtimalla "Qəbələ"ni növbəti mövsüm yenidən Premyer Liqada görəcəyik. Birinci Liqada "Qəbələ"dən başqa digər komandaların meydança poblemi var. Çox istəyərdim ki, Birinci Liqadan Premyer Liqaya bölgə komandaları yüksəlsin. Hər halda, mövsümün sonunda necə olacağını görəcəyik.

- Digər qərarlardan biri, Premyer Liqada sonuncu yeri tutan komandanın Birinci Liqanın 3-cü pillədəki klubu ilə qarşılaşmasıdır. Bu mümkün qərar çox müzakirə edilir. Premyer Liqada sonuncu yeri tutan komanda niyə pley-off oynasın ki? Sizcə, belə qərar verilərsə, doğrudur?
- Əgər qərar versələr ki, Birinci Liqanın 3-cü pillədəki komandası pley-off oynasın, bu o deməkdi ki, Premyer Liqanı heç bir komanda tərk etməyəcək. İndiki halda Birinci Liqada heç bir komanda Premyer Liqa klubu ilə mübarizə apara bilməz. Bu, aşkardır.

- Hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə gedir. "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Səbail" klubları arasında aşağı liqaya hansı klub düşməyə daha iddialı görünür?
- Adını çəkdiyiniz dörd komandanın hər biri üçün çətin olacaq. "Kəpəz" üçüncü dövrəyə yaxşı başlayıb. "Səbail"in də yaxşı başladığını söyləmək olar. "Şamaxı" özü də hər üç oyunu yaxşı oynadı, ancaq xal qazana bilmədi. Sonuncu turda isə ikinci hissə yaxşı oyunla 3 xal qazandı. Hələ ki "Sumqayıt" qələbə qazana bilməyib. Qarşıda çox oyun var. Əgər qərar dəyişməsə, Premyer Liqanı tərk edəcək komanda olsa, qarşıda daha maraqlı oyunların şahidi ola bilərik.

- Premyer Liqada yeni mövsümdən legioner limitinin ləğv edilməsi isə daha çox narazılıqla qarşılandı. Sizin bu qərara mövqeyiniz necədir? Limitlə bağlı daha uyğun qərar hansı ola bilərdi?
- Legioner limitinin ləğv olunması... Bilirsiz, 14-16 komanda olanda, ləğv etmək daha yaxşı olardı. Bir çox yerli futbolçular üçün heç bir çətinlik olmayacaqdı. Xüsusən də, milli üzvləri üçün. Birinci Liqada legionerlərin oynamasına məhdudiyyət qoyulsa yaxşı olardı. Mən indiki halda limitin ləğv olunmasını istəməzdim. Ancaq ola bilər ki, faydası da olsun. Hər halda bunu zaman göstərəcək.

- Ümumiyyətlə, yerli futbolçuların bu qərardan sonra özlərinə klub tapması çətinləşə bilər? Bu qərarın onların Avropaya açılmasına təkan verəcəyini düşünənlər az deyil. Bəs, sizcə, bizim futbolçuları istəyəcək Avropa klubları olacaq?
- Özünə klub tapa bilməyən yerli oyunçular futbolu zəif olan ölkələrə - ən yaxşı halda Türkiyəyə üz tutacaqlar. O da barmaqla sayılacaq qədər olacaq.  

- Legioner limitinin götürülməsinin Azərbaycan millisinin inkişafına, gələcək perspektivinə birbaşa təsiri olacaq? 
- Əsas komandamıza ilk başdan ola bilər ki, təsir etməsin. Məncə, bu qərardan ən çox U-21 yığmamız əziyyət çəkəcək. Gəlin indiki halda baxaq, U-21 yığmamızın neçə üzvü öz komandalarında əsas heyət üzvüdür. Limitin ləğvi daha çox təsir edəcək.

Misli Premyer Liqası Müsahibə