“Neftçi”də ayrılıq - Növbəti legioner vidası
27.03.2025 - 19:21
“Neftçi”də ayrılıq - Növbəti legioner vidası

“Neftçi”də daha bir ayrılıq yaşanmağa yaxındır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar” Yeqor Boqomolski ilə vidalaşmaq üzrədir.

Klub yayda hücumçu ilə yollarını ayıracaq. Samir Abasovun da sərəncamında görmək istəmədiyi belaruslu zaman-zaman ikinci komandanın heyətində oyunlara çıxır.

Paytaxt təmsilçisi belaruslu forvarda yetərincə şans verdiyini, lakin onun ümidləri doğrultmadığını düşünür. Mövsümün əvvəlində heyətdə yer qazana bilən hücumçu son aylarda meydan üzünə həsrətdir. Bu səbəbdən legioner komandadan göndəriləcək.

Məlumata görə, Boqomolskinin özünə də onunla yolların ayrılması haqda məlumat verilib. Futbolçu da indidən özünə komanda axtarır.

Boqomolskinin hazırda 3 variantı var. Onlardan biri Azərbaycanda qalıb, onu istəyən başqa Premyer Liqa klubuna keçmək, digər ikisi isə Belarus və ya Kiprə yollanmaqdır. Mövsüm başa çatdıqdan sonra Boqomolski yeni sezonla bağlı yekun qərarını verəcək.

Qeyd edək ki, Boqomolski 2022-ci ilin yayından “Neftçi”də çıxış edir.