Rauf Əliyev: “Qarabağ” hamını böyük nəticələrə inandırıb”
24.10.2024 - 17:32
Rauf Əliyev: “Qarabağ” hamını böyük nəticələrə inandırıb”

“Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyev apasport.az saytına müsahibə verib.

- "Qarabağ" bu gün "Ayaks" önünə çıxacaq. Geridə qalan 2 oyununa əsasən "Qarabağ"ın "Ayaks"la" matçda hansı nəticə göstərəcəyinə ümid edirsən?
- İki oyuna əsasən onu deyim ki, ola bilər ki, “Qarabağ”ın  yaxşı nəticəsinə inananlar azdır. Amma doğma meydanda oynayırıq. Rəqib nə qədər güclü olsa da, “Qarabağ” evdə məğlub olmayacaq. Bu, mənim fikrimdir. Futbolçuların açıqlamalarından görünür ki, inam böyükdür. Məncə, “Qarabağ” bu gün yaxşı nəticə qazanacaq. İki oyunda uduzsalar belə, bugünkü görüşdə xal qazana bilərlər.

- "Qarabağ" "Ayaks"dan da güclü rəqiblərə qarşı inamlı oyun göstərib, yaxşı nəticə qazanıb. "Qarabağ"ın "Ayaks" qarşısında şansları nə qədərdir? Yəqin ki, favorit "Ayaks"ı hesab edirsən...
- Əlbəttə ki, bugünkü oyunda favorit “Ayaks”dır. Çox yaxşı komandadır. Françesko Farioli kimi güclü məşqçiyə sahibdirlər. Favorit “Ayaks” ola bilər. Amma “Qarabağ” həmişə güclü, favorit komandalara qarşı yaxşı, inamlı oyunlar göstərib.

- Bu gün Marko Yankoviç start heyətində ola bilər. Onun qayıdışı, amma Marko Veşoviçin olmaması "Qarabağ"ın oyun planına nə dərəcədə mənfi təsir edəcək?
- Romao və Yankoviç əsas heyətdə oynadığı zaman “Qarabağ” orta xətdə daha da inamlı, dinamik olur. Çünki Marko Yankoviçin yaxşı keyfiyyətləri var, səviyyəli oyunçudur. Meydanda olduğu zaman “Qarabağ”a kömək edir, komandanın gücünə güc qatır. Marko Veşoviç də meydanda olanda, “Qarabağ” sağ cinahda daha yaxşıdır. Düzdür, onun yerini doldurmaq olar. İtkidir. Amma onun əvəzinə oynayacaq oyunçular da zəif deyil. Bugünkü gündə “Qarabağ”ın heyətində hansı oyunçunun olmaması, komandanın oyununa təsir edir. Bundan əvvəlki görüşlərdə də bunu görmüşdük.

- "Qarabağ"da bu mövsüm əsas çatışmazlığın nə olduğunu düşünürsən? "Tottenhem" və "Malmö"yə uduzdular. Səncə, həmin görüşlərdə əsas problem nə idi?
- Çatışmazlıq deyəndə ki, ola bilər lazımı anlarda yaxşı oyunçular zədələndilər. “Qarabağ”ın avrokuboklarda o qədər inam qazanıb ki, azarkeşlər böyük klublarla görüşdə də xal itirəcəyinə inanmırlar. Yenə də qələbə gözləyirlər. Böyük komanda ilə matçdan bir xal gözləyir. Azarkeşlərimiz sanki qəbullana bilmirlər. Bu yaxşı haldır. “Qarabağ” hamını böyük nəticələrə də inandırıb. Ona görə fikrimcə, avrokuboklarda “Qarabağ”ın xal itirmələrini normal qarşılamaq lazımdır, rəqiblər çox güclüdür. Büdcə olaraq da, “Qarabağ”dan daha çox büdcələri var. Ulduz futbolçuları var. Bəzi anlarda xalların itirilməsi normaldır.

- Hər halda, "Ayaks"la görüşdə də qeydə alınacaq nəticə komandaya təsir edə bilər. "Qarabağ" hazırda son pillələri bölüşür, xalsızdır. "Ayaks"la görüş dönüş nöqtəsi ola bilər?
- Bəli, “Qarabağ” xalsız olsa da, “Ayaks”la görüşdə buna fikir verməyəcək. Xal qazanmağa çalışacaqlar. Məncə, “Malmö” ilə oyundan fərqli olaraq bu gün daha inamlı “Qarabağ” görəcəyik.

- Vaxtı ilə "Qarabağ"ın hücumçusu olduğun üçün Juninyonunun performansını da soruşmaq istəyərdim səndən. "Malmö" ilə görüşdə qol vursa da, sanki ötən mövsümkü kimi deyil. Yoxsa, razı deyilsən?
- Juninyonun hansısa problemi yoxdur. “Malmö” ilə görüşdə də qol vurmuşdu. Oyun sarıdan da yaxşı idi. Əsas sürətidir, epizodlar düşəndə, qaçır, epizod yaradır. Juninyoda ciddi problemin olduğunu düşünmürəm. Ona lazımı ötürmələr gəldikcə, istifadə edəcək. Həqiqətən də səviyyəli forvarddır.

0