"Çox sevinirəm ki, biz bu matçı zədəsiz başa vurduq. İlk dəfə idi ki, Ataa Caber və Emin Mahmudov birgə çıxış etdi. Emin 3 gün idi ki, məşq etmirdi".
Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf deyib.
Rumıniyalı məşqçi Serbiyanın "Srvena Zvezda" ilə Antalyada keçirilən yoxlama oyunundan (0:1) sonra "Neftçi TV"yə geniş müsahibə verib.
O, Yusuf Lavalın oynadığı mövqeyə transfer olunmuş fransalı Kilan Lebondan və yeni transferlərdən danışıb: "Eyni zamanda bizə yeni oyunçu qoşulub. Düşünürəm ki, bizim üçün yaxşı oyunçudur. Son 6 ay ərzindəki bizim çatışmazlığımızı aradan qaldıracaq. "Sabah"la oyuna bir neçə günümüz qalıb. Pozitiv düşünürəm. Demək olar ki, bütün oyunçular sərəncamımdadır. Eddi İsrafilov üçün bir az darıxırıq. Qarşıdakı 2-3 matçda bizimlə birgə olmayacaq. Eyni zamanda komandaya 1-2 yeni futbolçu cəlb olunacaq".