Azərbaycan Premyer Liqasının XVIII turunun "Zirə" – "Kəpəz" oyunundan (2:2) sonra mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov öncə oyun haqda fikirlərini bildirib:
– Möhtəşəm oyun alındı. Azərbaycan futbolu bu gün qazandı. Azarkeşlər maraqlı mübarizənin, oyunun şahidi oldular. Sevindirici hal odur ki, iştirakımızla keçən son matçlar maraqlı alınır. Oyunu təhlil etmək çox çətindir. Matça yaxşı başlamışdıq. Üstünlük bizdə idi, qol vurmuşduq. Hər şey verilən qırmızı vərəqədən sonra döndü. 2-ci qırmızı vərəqədən sonra çətin vəziyyətə düşdük. Buraxılan 2-ci qol komandanı bir az da sarsıtdı. Amma fasilədə komanda özündə güc tapdı və yaxşı başladıq. Ərazi üstünlüyü "Kəpəz"dəydi, amma şansımızı gözləyirdik. Paltardəyişmə otağında uşaqlarla danışmışdıq ki, rəqibin sarı vərəqə cəzalısı olan oyunçuları var. Daha çox təzyiq edib, qırmızı aldırmaq olar. Bunu etsəydik, oyunu dəyişəcəyik. Bu işlədi. Düzdür, uduza da bilərdik. Buna çox yaxın idik. Amma qol fürsətlərimiz yarandı. İlk yarıda və 2-ci hissədə Keytanın qol epizodları var idi. Texnika və taktika kənarda qalmışdı, komanda çox ürəkl ifutbol oynadı. 4 gün bundan qabaq komandamız "Neftçi" ilə 120 dəqiqəlik ağır oyun keçirmişdi. Orada da mərhələ keçməyə yaxın idik. Psixoloji və fiziki cəhətdən yorğunluq hiss edilirdi. Bunların fonunda belə xarakter göstərib, son saniyələrdə qol vurub, 1 xal qazanmaq mənim üçün qələbəyə bərabər nəticədir. Hətta 3 xaldan artıqdır. Ən vacibi komandanın bu xarakterə malik olmasıdır. Hər şey daha yaxşı olsun deyə digər detallar üzərində işləyəcəyik.
– Hakimlik barədə fikriniz necədir?
– Hakimlik haqda danışmaq istəmirəm. Məğlub olsaq da, fikirləşirdim ki, çalışacağam hakimlik haqda danışmayım. Bilmirəm. Epizodlara baxmaq, təhlil etmək lazımdır. Əsas etirazlarımızdan biri Hamidu Keytanın zərbəsindən sonra rəqib oyunçudan gedən topu qapıçının ələ götürməsi idi. Son ümid foluna görə qırmızı vərəqə verilirdi. Amma rəqib sarı vərəqə ilə cəzalandırıldı. Qaydalar o qədər inkişaf edib, detallaşıb ki... Eyni epizodlarda fərqli-fərqli şərhlər...
– Coşqun Diniyevin qırmızı vərəqə aldığı epizodu necə şərh edərdiniz?
– Epizodu görməmişəm. Gərək baxım. Açıq-aşkar qırmızıdırsa, gərək daha ehtiyatlı, səliqəli oynamalıydı. Xüsusən də, oyun nəzarətimizdədir və hər şey istədiyimiz kimi gedirsə... Belə epizodlarda diqqətli olmaq lazımdır. Bilirik ki, bizə qarşı çox həssas qərarlar verilir. "Neftçi" ilə matçda Boqomolski – Xantakiasın dirsək epizodu bu oyunda əksinə olsaydı, bizə qırmızı vərəqə veriləcəkdi. Bizə qarşı çox rahatlıqla, soyuqqanlı şəkildə qərarlar verilir. Amma qərəz olduğunu deyə bilmərəm. Nicat da gənc, yeni hakimimizdir.
– Hakimin VAR-a baxandan sonra "Kəpəz"in futbolçusuna sarı vərəqə verməsini hakimdən soruşdunuz?
– Yox, baş hakimdən soruşa bilmədim. Amma 4-cü hakimlə danışdım. Açığı, ilk dəfədir belə epizodla qarşılaşırdım. Təəccüblü oldu ki, belə qayda var? Dedi ki, var. VAR yaranandan birinci dəfədir görürəm. Qırmızı verilsəydi, daha sonra VAR-a baxılıb vərəqə sarıya çevrilsəydi... Belə epizodlar görmüşük. Amma hakim davam göstərdi, sonra VAR-a qaytarılır. Cərimə zərbəsi, sarı vərəqə verməsi – ilk dəfədir görürəm.
– Qış transferləri ilə bağlı planlar necədir?
– Axtarışlar davam edir, danışıqlar aparırıq. Bir az problemli görünür. Amma çalışacağıq ki, güclənək. Buna ehtiyac var. Hər xətt üçün planlaşdırırıq. Amma bu heyətin qalması şərtilə. Ola bilsin, futbolçu daha çox oynamaq istəsin. Hansısa futbolçuya gələcəklə bağlı fikirlərimizi deyək. Ondan sonra futbolçu komandadan ayrılmaq istəyər... Belə hallar ola bilər. Futboldur. Məyus edən odur ki, son 7-8 oyunda formamızı tapdıq. Əmin idim ki, tapacağıq. Gec oldu. Daha erkən olsaydı, daha çox xal toplayardıq və bu gün 3-lükdəki komandalarla xal fərqimiz fərqli olardı.