“Gözlənilən kimi sürətli, gərgin mübarizə şəraitində keçən oyun oldu".
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının X turunda “Sabah”a səfərdə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
Gənc mütəxəssis qarşılaşmanın ardından mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Rəqibin ilk dəqiqələrdən üzərimizə atılıb, üstünlük yaradacağını düşünürdük. Buna hazırlamışdıq. Oyun getdikcə ritmə düşürdük, oyun planımız işləyirdi. İki yüz faizlik qol epizodumuz oldu, onlardan istifadə edə bilmədik. Həlledici məqam o oldu. Tam oyun mərkəzdə keçən məqamda qol buraxmağımıza məyus olduq. Bu da rəqibin hücum xəttindəki usta futbolçuların çoxluğundan xəbər verirdi. Mikelsin heç nədən şans yaradıb assist verməsi onun ustalığını göstərdi. Bəlkə biz daha erkən fərqlənsəydik, oyun başqa cür keçərdi. Qol buraxdıqdan sonra hücuma atıldıq. Azlıqda qalmağımıza baxmayaraq, bizim də hücumlarımız oldu. Həmçinin rəqibin də həmin anlarda qol epizodları yarandı. Oyun artıq qopmuşdu, risk alırdıq. "Sabah"a qarşı ilk oyunla müqayisədə komandada xeyli inkişaf görünürdü. Bu gün hər iki komanda qələbə qazana bilərdi. Görünən o idi ki, oyun qola doğru gedir. Heç-heçə də bitə bilərdi. Açıq-aşkar görünürdü ki, kim qol vursaydı qələbə qazanacaqdı. Rəqib özü üçün çox vacib qələbə qazandı. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq".
- Coşqun Diniyevin passivində sarı vərəqəsi ola-ola hakimə etiraz etməsini necə qarşıladınız?
- O qədər sarı vərəqəsi olan oyunçuların etiraz elədiyi anlar olub ki. Bunlardan ibarət bir saatlıq video yığmaq olar. Matçdan sonra Elçin Məsiyevə yaxınlaşıb sual verdim ki, indiyə kimi neçə belə ikinci sarı göstərmisən? Bir anlıq fikrə getdi və cavab verə bilmədi. Bu gün yaxşı hakimlik elədi. Amma kritik məqam idi, sona 10 dəqiqə qalmışdı. Hücumlarımızı da artırmışdıq. Bu məqamda qırmızı vərəqə oyunu qoparır. Bu tip soyuqqanlı qərarlar həmişə "Zirə"yə qarşı olub. Nəysə, hakimlikdən çox danışmaq istəmirəm.
- İki futbolçunuzu məcburiyyətdən əvəzlədiniz. Bu, planlarınıza təsir etdi?
- Keyta zədələndi, Hamduidə də ağrılar oldu. Amma sonradan meydana daxil olan futbolçular da pis çıxış eləmədilər. Qomes hətta bir qol epizoduna girdi, bir vəziyyətdə də qolla nəticələnə biləcək ötürmə verdi. Fərqlənsəydi, yekun nəticə tam fərqli olacaqdı.
- Mehdi Cənnətovun zədəsi nə dərəcədə ciddidir?
- Bəzən elə zədələr olur ki, həkimlər qeyri-müəyyən vaxt qoyurlar, sağalma prosesinə baxırlar. Mehdidə də belə haldır. Tam bərpa olunmasını gözləyirik. Amma Anar Nəzirov da çox yaxşı çıxış edir.
- Yeni transferiniz Cibril haqda nə deyə bilərsiniz?
- Onu yayda gətirə bilməməyimizə çox məyus olduq. Avqustdan danışıqlar aparırdıq. Hətta danışıqları bitirdik, futbolçu millisinə qoşuldu. Milli fasilədən sonra bizə qoşulmalı idi. Amma baş açmadıq. Bu arada nəyə görə hansısa klub onun vərəqəsini Türkiyə Futbol Federasiyasının götürüb. Bilmirik, həvəskar kimi sifariş veriblər. Bəlkə elə biliblər "Zirə" ilə danışıqlar alınmaz, ehtiyat ediblər. Texniki səhv baş verdi. Bəyəndiyim futbolçudur. Qərara aldıq ki, müqavilə bağlayaq, qışdan sonra oynamağa başlasın. Xüsusən də, bu aralar bizə çox faydası dəyə bilərdi.
- İlkin Muradov və Təmkin Xəlilzadənin fiziki durumundan razısınız?
- Təxminən 50 gün əsas komandadan kənarda qaldılar. Bu dəqiqə ideal vəziyyətdə ola bilməzlər. Əsas komanda ilə məşq eləməyin effekti başqadır. Yaxın gələcəkdə yavaş-yavaş formalarını bərpa edəcəklər.
- Qışa qədər yenə transfer etmək fikriniz var?
- Elə mövqelər var ki, ora transferlər edə bilmədik. İndi də bəyəndiyiniz sərbəst futbolçu ola bilər ki, götürək. Ola bilsin heç qışda tapa bilmədik. Hansısa yaxşı futbolçunun sərbəst qalacağı da inandırıcı görünmür. Yenə də qapılarımız açıqdır. Nə vaxt istədiyimiz futbolçu tapsaq, komandaya cəlb edəcəyik.