"Oyun planlaşdırdığımız kimi keçirdi. Həftəboyu da belə hazırlaşmışdıq ki, rəqibə pressinq tətbiq edək, topa nəzarət edək. Demək olar ki, matç bizim üstünlüyümüzlə keçdi. Qapımızda ciddi zərbə yox idi. 2-ci mərtəbə "Neftçi"nin üstün tərəflərindən biridir. Bu üstünlükdən də istifadə etdilər. Azlıqda da cəhdlər etdik. Qələbə qazanmaq istədiyimiz oyunda uduzduq. "Neftçi"ni təbrik edirəm".
Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. O, Premyer Liqanın XX turu çərçivəsində "Neftçi"yə səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında sualları cavablandırıb:
– Vild-Donald Qeryeyə 2-ci sarı vərəqə epizodunda əl çaldınız. Sözünüz yoxdur ona?
– Sualım var idi. Müəyyən səviyyədə izah olundu. Epizod sarıdır ki, hakim dəvət edilmir. Oyundankənar vəziyyətdir, epizod da sarı vərəqədir. Niyə VAR-a hakim dəvət edilir? Ofsayda görə VAR-a hakim çağrılmır. Vərəqə qırmızıdırsa, razılaşardım ki, dəvət edilsin. Yəqin ki, hər hansı izahı olacaq. VAR-da çox qaydalar var, qarışıqlıq çoxdur. Hamidu Keytaya Solomon Kvirkveliyanın epizodunda penalti var idi. Etiramız ona idi. Bu il belə penaltilər çox görmüşük. Amma nədənsə VAR susdu.
– Növbəti oyunlarda "Neftçi" ilə xalları eyniləşdirmək çətin olmayacaq?
– Hədəfimiz kubok və yaxud da ilk 4-lüyə düşməklə Konfrans Liqasına vəsiqə qazanmaq idi. Bu il "Sabah"ın göstərdiyi yüksək performans var. "Neftçi" və "Qarabağ" böyük komandalardır, onlara qarşı oynamaq həmişə çətindir. Real görünən 4-lükdür. Hamı 1-2-ci olmaq istəyər. Kubok oyunlarında da baş verən nəticələr 4-lüyü tutub Konfrans Liqasına yollanmağı da risk altına qoyub. Sona qədər mübarizə aparacağıq. Avrokubokları istəyiriksə, yolumuz budur. 4-cü yeri qorumalıyıq. "Neftçi" kuboku qazanarsa, biz Konfrans Liqasına gedəcəyik. Oyun planında futbolçulardan raz qaldım. Müəyyən xırdalıqlar çatmırdı. 0:1-dən sonra bizi əks-hücumda tutdular. Amma balanslaşmış oyun getdi. Yolumuza davam edəcəyik. Oyun planında da müəyyən dəyişikliklər etməyə çalışırıq ki, gələn ilin planını cızaq. Bu il avrokuboklara düşmək alınmasa da, gələn il rəqabətə hazır olmalıyıq. Göründü ki, bu il 3-lüyə düşmək çətindir.
– Dediniz ki, hakimlər sizə izah etdi. Nə idi izah?
– Başa düşmədim. Vaxtımız yox idi danışmağa. Rəşad Əhmədov dedi ki, VAR-a getməyim doğru idi. Ofsayddan sonra niyə VAR-a çağrıldı? Maraqlıdır, bilmirəm... Mütləq tədbir görməliyik ki, bu kimi hallar təkrarlanmasın.
– Qırmızı vərəqələr çox alırsınız. Bu, intizamsızlıq anlamına gəlir?
– Ehtiyatsızlıq anlamına gəlib çıxır. Çünki alınan vərəqələrin çoxu oyun epizoduna görədir. Bir çox oyunlarda azlıqda qalırıq. Bu məni üzür. Azlıqda "Kəpəz"ə qalib gəldik, daha sonra onlarla bərabərə qaldıq. "Sabah"la sona qədər mübarizə apardıq.