
Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt" - "Sabah" matçından (0:4) sonra meydan sahiblərinin baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.
"İki fərqli hissə izlədik. Çox yaxşı rəqibə məğlub olduq. Hesab öz sözünü dedi. Ona görə də nəsə deməyə ehtiyac yoxdur".
- Komanda 10 oyundur qol vura bilmir. Nə düşünürsünüz?
- Fikirləşdiklərimizi reallaşdıra bilmirik. Ya məşqçi getməlidir, ya futbolçular. Komanda 0:4 hesabıyla uduzub. Amma qol imkanlarımız var idi. Nəyəsə gücümüz çatmır. Əgər getməyim komandanın xeyrinədirsə, gedərəm. İnanıram ki, bu vəziyyətdən çıxacağıq.
- Konkret olaraq problem nədir?
- Qol imkanlarından istifadə edə bilmirik. “Sabah” 4 imkanın hər birini qola çevirdi. Bu, onların ustalığından xəbər verir. İndiki halda nə deyə bilərəm? Komanda son sıralardadır və heç nə alınmırsa, baş məşqçi getməlidir, gedərəm. Amma bu vəziyyətdən komandanı çıxarmaq istəyirəm. Deyirlər ki, Vaqif çox danışır, işini görsün. Mən futbolçu olanda da nə varsa, demişəm. Məsləhətə qulaq asıb, az danışacam.
- Daha neçə oyunda qol vurmamalısız ki, azarkeşlərdən üzr istəyəsiz?
- Bu sual bir az adekvat deyil. O vaxt üzr istəyərəm ki, komanda bərbad oyun sərgiləyər, aşağı liqaya düşərik. Hazırda üzrlük bir şey yoxdur.
- Komandada yanvar ayından sonra eniş başlayıb. Hansısa xüsusi səbəb var? Müqavilə imzaladıqdan sonra belə oldu...
- Kaş ki, imzalamazdım (gülür). Problem qol imkanlarından istifadə edə bilməməyimizdir. Biz “Sabah” və ya digər komandalardan deyilik ki, oyun ərzində 4-5 epizod yaradaq. Gələn il yüz faiz olacaq. Amma bu il ələ düşən 2-3 imkanı maksimum dəyərləndirməliyik.