Ekvadorlu futbolçuların Qətərlə oyundakı qəbiləsayağı qol sevinclərinin səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin açılış matçında cənubi amerikalılar vurduqları hər iki qolu qeyd edərkən dairəvi formada düzülüb, daha sonra dizləri üstə çökərək dua ediblər.
Onlar bu addımları ilə vurduqları qolları 2013-cü ildə dünyasını dəyişmiş ekvadorlu futbolçu Kristian Benitesin ruhuna həsr ediblər. Ekvador millisinin hücumçusu olmuş Benites 2013-cü ildə məhz Qətərin paytaxtı Dohada dünyasını dəyişib. O, həmin ilin iyulunda yerli “Əl Caiş” klubu ilə müqavilə bağlasa da, cəmi 1 matça çıxa bilib. Şeyx Cassim Kuboku matçında “Qətər” komandasına qarşı 28 iyulda oyuna çıxan futbolçu 1 gün sonra ürək ağrılarından dünyasını dəyişib. Həmin futbolçunun cəmi 27 yaşı vardı.
Qeyd edək ki, qarşılaşma Ekvadorun 2:0 hesablı qələbəsi ilə başa çatıb.