DÇ-2022-də ikinci oyun gününə start verilib.
Apasport.az saytının məlumatına görə, B qrupunun ilk matçında İngiltərə və İran milliləri qarşılaşıb.
Qarşılaşmanın favoriti olan futbolun yaradıcıları mundiala böyükhesablı qələbə ilə başlayıb. Məhsuldar keçən görüşdə ümumilikdə 8 qol vurulub.
Oyunun əvvəlində asiyalıların müqavimətini qırmaqda çətinlik çəkən İngiltərə millisi ilk hissənin sonlarında üç dəfə fərqlənib. Cud Bellingemin hesabı açdığı matçda Bukayo Saka və Rahim Sterlinq fasiləyədək fərqi üç topa çatdırıb.
İkinci hissənin ortalarında Saka dublunu rəsmiləşdirib – 4:0. İranlılar Mehdi Tareminin qolu ilə fərqi azaltsa da, Markus Reşfordla Cek Qriliş böyük britaniyalıların üstünlüyünü 5 topa çatdırıb. Uzatma dəqiqələrində Mehdi penalti ilə dublunu rəsmiləşdirib. Beləliklə, son dünya çempionatının yarımfinalçısı Qətərdəki mundiala 6:2 hesablı darmadağınla start verib.
Qeyd edək ki, B qrupunun bu gün başlayacaq digər matçında Uels və ABŞ qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
DÇ-2022, qrup mərhələsi
21 noyabr
B qrupu
17:00. İngiltərə - İran - 6:2
Qollar: Cud Bellingem, 35, Bukayo Saka, 43, 62, Rahim Sterlinq, 45+1, Markus Reşford, 71, Cek Qriliş, 90 - Mehdi Taremi, 65, 90+13 (pen.)