İdmançımız beynəlxalq turnirin qalibi olub
24.08.2025 - 18:33
İdmançımız beynəlxalq turnirin qalibi olub

22–24 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində “Marmara Kuboku” beynəlxalq karate turniri baş tutub.

Apasport.az xəbər verir ki, dünyanın 30-a yaxın ölkəsindən yüzlərlə idmançının iştirak etdiyi mötəbər yarışda Azərbaycanı uğurla təmsil edən yeniyetmə karateçimiz Seyidəli Fəttahlı böyük nailiyyət qazanıb.

14–15 yaşlı idmançıların mübarizə apardığı -52 kq çəki dərəcəsində qüvvəsini sınayan Seyidəli turnir ərzində 6 döyüş keçirib və bütün rəqiblərinə qalib gələrək, qızıl medalın sahibi olub.

O, final görüşündə də üstünlüyünü qoruyaraq, kürsünün ən yüksək pilləsinə qalxıb və beynəlxalq turnirin çempionu adına layiq görülüb.