İraqdan yığma komandamıza təklif
26.05.2010 - 17:02
İraqdan yığma komandamıza təklif
Basketbol üzrə kişilərdən ibarət yığma komandamız İraqa səfər edə bilər. Bu barədə apasport.az saytına millimizin meneceri Ləvənt Türknas məlumat verib.

Türknas bildirib ki, İraq Basketbol Federasiyası Azərbaycan komandasını ölkələrinə yoldaşlıq matçı keçirməyə dəvət etsə də, hələ konkret cavab verilməyib: “Avropa çempionatına hazırlaşan millimiz hazırda təlim-məşq toplanışında olduğundan, İraq Basketbol Federasiyasına cavab verməmişik. Basketbolçularımız Kürdəmirdə hazırlıqlarını başa vurduqdan sonra - mayın 31-də baş məşqçi Elxan Əliyevlə bu məsələni bir daha müzakirə edəcəyik. Ola bilsin ki, yox cavabı verdik. Çünki İraq komandası çox güclü deyil. Bundan əlavə, Bakıdan oraya birbaşa təyyarə reysi də yoxdur. Amma onlar bir neçə yığmanın iştirakı ilə turnir keçirsələr, orada iştirak edərik”.

Menecer İraqa getməyəcəkləri halda, ikinci variantın da mümkün olduğunu bildirib: “İraqa getməsək, təlim-məşq toplanışı üçün Rusiyaya üz tutacağıq. Amma bu məsələ də hələ dəqiq deyil. Hazırlıqlarımızı paytaxtda da davam etdirə bilərik. Əsas məsələ yoldaşlıq oyunu keçirmək üçün orta səviyyəli komanda tapmaqdır. Çünki yalnız məşqlərlə kifayətlənmək fikrində deyilik. Bunun üçün bir neçə ölkənin komandası ilə danışıqlar aparıram”.
0