Finala vəsiqəni Bakıda sifariş etmək üçün gözəl şans
27.05.2010 - 15:21
Finala vəsiqəni Bakıda sifariş etmək üçün gözəl şans
Mayın 28-30-da Bakıda keçiriləcək voleybol üzrə qadınlar arasında Avropa çempionatının II seçmə mərhələsində mübarizə aparacaq yığmalar artıq Bakıdadır. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, Bosniya və Herseqovinanın ardından Belarus və Gürcüstan milli komandaları da Azərbaycana gəliblər. A qrupunda Faiq Qarayevin yetirmələri ilə birgə mübarizə aparacaq yığmalar Bakı İdman Sarayında bir-birini sınağa çəkəcəklər. Belə ki, yarışın ilk günü voleybolçularımız saat 16:00-da Gürcüstanla qüvvəsini sınayacaq. Mayın 29-da rəqibimiz Bosniya və Herseqovina (saat 18:30) yığması olacaq. Millimiz seçmə mərhələnin son günündə Belarus millisi (saat 18:30) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının I seçmə mərhələsində hər 3 rəqibini 3:0 hesabı ilə məğlub edib. Komandamız eyni uğuru Bakıda da təkrarlayarsa, birbaşa Avropa çempionatının final mərhələsinə yüksələcək. 2011-ci il İtaliya və Serbiyada keçiriləcək həlledici mərhələdə bu ölkələrin komandaları ilə bərabər Hollandiya, Polşa, Almaniya, Türkiyə və Rusiya voleybolçuları rəqiblərini gözləyirlər.

Qrupda ikinci yeri tutacaq komandalar isə pley-off mərhələsində oynayacaqlar.
0