Azərbaycan yığmasından növbəti dərs
29.05.2010 - 00:15
Azərbaycan yığmasından növbəti dərs
Bakıda voleybol üzrə Avropa çempionatının II seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da yer aldığı A qrupunun ən güclüsünü müəyyən etmək üçün Bosniya və Herseqovina, Belarus və Gürcüstan komandaları Bakı İdman Sarayında mübarizə aparırlar.

Çempionatın açılış matçında Bosniya və Herseqovina və Belarus milliləri qüvvələrini sınayıblar. İlk görüşdə olduğu kimi bu dəfə də Nikalay Karpolun yetirmələri 3:0 hesabı ilə qələbə qazanıblar. Onlar rəqiblərinə 25:12, 25:14 və 25:16 hesabı ilə qalib gəliblər.

Günün ikinci qarşılaşmasında Azərbaycan və Gürcüstan voleybolçuları meydana çıxıblar. Oyun gözlənildiyi kimi, Faiq Qarayevin yetirmələrinin üstünlüyü şəraitində keçib. İlk hissədə əsas heyətin üzvləri ilə 25:10 hesabı ilə qələbə qazanan komandamızın heyətində ikinci setdə meydan gənclərin ixtiyarına verilib. Onlar da təcrübəli komanda yoldaşlarından geri qalmayaraq, tamaşaçıların alqışlarını qazanıblar. Gözəl oyun nümayiş etdirən “ehtiyat skameya”nın voleybolçuları 25:7 hesabı ilə rəqiblərini məğlub ediblər.

Üçüncü hissədə Faiq Qarayev daha bir eksperiment həyata keçirib. Baş məşqçi bu dəfə təcrübəlilərlə gəncləri meydan buraxıb. Öncəki setlərdə olduğu kimi, voleybolçularımız yenə də hücum voleybolu nümayiş etdiriblər və 25:8 hesabı ilə qələbəni bayram ediblər – 3:0.

Beləliklə, II seçmə mərhələnin ilk turundan sonra aktivinə daha 2 xal əlavə edən Azərbaycan millisi xal ehtiyatını 10-a çatdıraraq liderliyini qoruyub. Komandamızı 9 xalla son oyunda Bosniya və Herseqovinaya qalib gələn Belarus voleybolçuları izləyirlər. Qrupumuzda yer alan bosniyalıların 5, gürcülərin isə 3 xalı var.

Qeyd edək ki, mayın 29-da saat 16:00-da Belarus və Gürcüstan, saat 18:30-da isə Azərbaycan və Bosniya və Herseqovinaya yığmaları üz-üzə gələcəklər.
0