Azərbaycan dünya voleybolunun mərkəzinə çevrilir
30.05.2010 - 17:49
Azərbaycan dünya voleybolunun mərkəzinə çevrilir
Bu gün Bakı İdman Sarayında Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti, Avropa çempionatı Yarışlarının Təşkilat Komitəsinin sədri Yan Xronik mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurumun rəsmisi mətbuat konfransında Azərbaycanın dünyaya voleybol ölkəsi kimi inteqrasiya etdiyini bildirib: “Ölkəniz qitədə və dünyada öz voleybolu ilə tanınır. Hazırda Azərbaycan digər ölkələrə nümunə göstərilə bilər. Sevindiricidir ki, burada idman bu növü inkişaf dövrünün pik nöqtəsinə qədəm qoyub. Bunu “Rabitə” klubu da sübut etdi. Onlar CEV kubokunu üçüncü yerdə bitirdilər. Bununla yanaşı, bu komanda Çempionlar Liqasına da “wild card”a sahib olub. Onların Avropanın ən güclüləri arasında da nəyə qadir olduqlarını göstərəcəklər. Yığma komandanız da uğurlu çıxış edir. Onlar qrupda nəyə qadir olduqlarını göstərirlər”.

Xronik Azərbaycanda idmanın bu növünün inkişafını nəzərə alaraq, Bakıda dünya səviyyəli təlim-məşq toplanışı mərkəzinin də açılacağını deyib: “Biz Azərbaycanda beynəlxalq təlim-məşq toplanışı mərkəzini açmağı planlaşdırırıq. Burada hakimlər, məşqçilər və voleybolçular təcrübələrini artırmaq imkanı qazanacaqlar. Bu regionda analoqu olmayan mərkəz olacaq. Buraya Avropa ölkələri ilə bərabər Asiya təmsilçiləri də gələcəklər”.
0