Əfsanəvi məşqçi Azərbaycan yığmasını təriflədi
31.05.2010 - 00:04
Əfsanəvi məşqçi Azərbaycan yığmasını təriflədi
“Azərbaycan yığması güclü kollektivə malikdir. Püşkatmadan sonra da qrupun favoritinin Faiq Qarayevin yetirmələri olacağını söyləmək olardı. Bizlə oyunlarda da milliniz daha güclü olduğunu nümayiş etdirdi və layiq olduğu yeri tutdu. Ümumilikdə isə seçmə mərhələdə iştirak edən 20 komanda arasında da Azərbaycan voleybolçuları ən güclülərdən idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Belarus millisinin rusiyalı baş məşqçisi Nikalay Karpol deyib.

Əfsanəvi məşqçi seçmə mərhələdən finala asan çıxan komandamızın mükafatçılar sırasında yer alıb-almayacığına da münasibət bildirib: “Seçmə mərhələdə bütün oyunlarda qələbə qazansanız da, həlledici mərhələdə mükafatçılar sırasına düşmək asan olmayacaq. Yarımfinala çıxmaq çətin olacaq. Bunun üçün çox işləmək lazımdır. Nəzərə almaq lazımdır ki, heyətdə gənclər var və onların təcrübə toplaması üçün isə vaxt lazımdır”.
Azərbaycan voleybolun inkişafını müsbət dəyərləndirən Karpol ölkəmizdə işləmək arzusunda olmadığını da deyib: “Burada mənim dostlarım çoxdur. Lakin Azərbaycana gəlib işləmək planlarıma daxil deyil. Mənin əsas komandam “Uraloçka”dır. Düzdür, Belarus millisini də çalışdırıram. Lakin onlarla cəmi 2-3 ay bir yerdə oluram”.

Qeyd edək ki, Belarus komandasının meneceri vaxtı ilə “Azərreyl”in formasını geyinən Alla Teterinadır.
0