Azərbaycan çempionatında ilk hollandiyalı
12.07.2010 - 13:00
Azərbaycan çempionatında ilk hollandiyalı
Növbəti mövsümə ciddi hazırlaşan “Azərreyl” daha bir voleybolçunun transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ölkəmizi “Çelenc cup”da təmsil edəcək paytaxt klubu Hollandiya yığma komandasının üzvü Alis Blomla 1 illik müqavilə imzalayıb.

230 dəfə “narıncı” formanı geyinən Blom son mövsümü “Fənərbağça”da keçirib. O, “sarı-lacivərdlilər”lə yanaşı, “Kal Snik” (1996-2000), “Arke Poluks” (2000-2003, hər ikisi Hollandiya), “ULM Aliud Farma” (2003-2004), “USC Münster” (2004-2005, hər ikisi Almaniya), “Busto Arsizio” (2005-2006, İtaliya), “DELA Martinus” (2006-2008, Hollandiya) və “Mc-Karnagi” (2008-2009, İtaliya) klublarının şərəfini qoruyub.

“Azərreyl”in yeni transferi Hollandiya millisinin heyətində 2007-ci ildə Dünya Qran-Prisinin qızıl və həmin il Avropa çempionatının gümüş mükafatına sahib olub. 2010-cu ildə isə “Fənərbağça” ilə Türkiyə Super Liqasının qalibi adını qazanıb. 1980-ci ildə (7 aprel) anadan olan Blom 178 sm boya malikdir.

Qeyd edək ki, Bakı komandası bu voleybolçudan əvvəl Polina Rəhimova, Valeriya Korotenko, Aynur Kərimova, Şəfəq Kərimova, Natalya Hanıkoglu (Türkiyə) və Adva Jinoberini (İsrail) də rənglərinə qatıb.
0