“Roma”nın sabiq oyunçusu Azərbaycan çempionunun baş məşqçisi təyin edildi - EKSKLÜZİV
15.07.2010 - 09:45
“Roma”nın sabiq oyunçusu Azərbaycan çempionunun baş məşqçisi təyin edildi - EKSKLÜZİV
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionu “Rabitə”nin yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu serbiyalı Dejan Brdjoviçlə 1 illik müqavilə imzalayıb.

1966-cı ildə anadan olan mütəxəssis voleybolçu kimi 12 il keçmiş Yuqoslaviya yığmasının kapitanı olub. O, millinin heyətində 1995-ci ildə Avropa çempionatının və 1996-cı ildə Atlanta Olimpiadasının bürünc medalını qazanıb. Oyunçu kimi Serbiya (“Rubnica”, “Red Star”), Yunanıstan (“Olimpiakos”, “Orestiada”, AEK) və İtaliya (“Roma”, “Milano”, “Loreto”, “Lube”) klublarında forma geyinib. Doğma vətənində ölkə çempionatının qalibi və 2 dəfə kubokun qızıl mükafatçısı olan Brdjoviç Yunanıstanda da titulsuz qalmayıb. “Rabitə”nin yeni baş məşqçisi burada 2 dəfə çempion və 2 dəfə kubokun qalibi adını qazanıb. İtaliyada da ölkə kubokunu başı üzərinə qaldıran Brdjoviç CEV kubokunun da birincisi olub.

Məşqçi kimi “Red Star” (Belqrad) və “Radniçki” (Kragujevaç) ilə 2 qat Serbiya çempionu və kubokunun sahibidir. Brdjoviç qitəmiqyaslı yarışlarda ən böyük titulunu İtaliyanın “Asistel Novara” komandası ilə qazanıb. O, 2007/2008-ci illər mövsümündə Apennin təmsilçisini Çempionlar Liqasının üçüncüsü edib. Serb, ingilis və italyan dillərini bilir.

Qeyd edək ki, Brdjoviç “Rabitə” klubunda həmyerlisi Draqutin Baltiçi əvəzləyib. Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq komanda ən pis halda “dördlər finalı”na kimi irəliləməyi planlaşdırır. CEV kubokunun bürünc mükafatçısı bu məqsədlə heyətini də gücləndirib. “Rabitə” yeni mövsüm üçün Natalya Məmmədova, İrina Jukova (Ukrayna), Natalya Kulikova (Rusiya), Nataşa Krsmanoviç, Boyana Doganjiç, Silviya Papoviç, Sanya Staroviç, Mira Qoluboviç (hamısı Serbiya), Kimberli Qlass (ABŞ), Mirela Deliç (Xorvatiya), Olqa Toçko (Latviya) və Diana Nenovanı (Bolqarıstan) rənglərinə bağlayıb.

Tahir HÜMMƏTOV
0