“Rabitə” İtaliya və Hollandiya yığması ilə qarşılaşa bilər
17.07.2010 - 10:13
“Rabitə” İtaliya və Hollandiya yığması ilə qarşılaşa bilər
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan çempionu “Rabitə”nin bir araya toplaşacağı tarix dəqiqləşib. Paytaxt klubunun idman direktoru Nəsimi Musayevin apasport.az saytına verdiyi məlumata görə, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək komanda ilk məşqinə avqustun 23-də Bakıda çıxacaq.

Musayev bildirib ki, Azərbaycanda 4 həftə təlim-məşq toplanışı nəzərdə tutulub və bu hazırlıq Bakıda və Zaqatalada olacaq: “Komandamızın yeni baş məşqçisi Dejan Brdjoviç voleybolçuları ilk məşqinə avqustun 23-də çıxaracaq. İlk 2 həftədə hazırlıq Bakı Olimpiya İdman Kompleksində baş tutacaq. Burada məşqlər yekunlaşdıqdan sonra Zaqatalaya yola düşəcəyik. Orada da 2 həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub. Təxminən 1 aydan sonra isə yoxlama oyunlarına start verəcəyik”.

Zaqatala Olimpiya İdman Kompleksində hazırlıq yekunlaşdıqdan sonra “Rabitə” Dünya çempionatında iştirak edəcək yığma komandalarla qüvvəsini sınamağı planlaşdırır. Artıq bu millilərdən bir neçəsi ilə danışıqlar gedir. Onlardan yaxın vaxtlarda müsbət cavab alacağına əmin olan Nəsimi Musayev bu oyunların komanda üçün böyük fayda verəcəyinə əmindir: “Təlim-məşq toplanışı başa çatdıqdan sonra klubun gücünü bilmək üçün sınaq matçlarına başlayacağıq. Planlarımıza görə, əvvəlcə Dünya çempionatının final mərhələsində oynayacaq yığmalarla qarşılaşacağıq. Bu istiqamətdə işlərə başlamışıq. Bir neçə milliyə dəvət göndərmişik və problem olmayacağı qənaətindəyik. Bunlar sırasında İtaliya, Serbiya, Rusiya, Hollandiya, Polşa və digər güclü millilər var. Onlarla oynamaq üçün isə hazırlığın beşinci və altıncı həftələrini səfərə çıxacağıq. Bu marşrut razılıq əldə edildikdən sonra müəyyənləşəcək”.

Heyətində əsasən legionerlərin yer aldığı klubun yalnız 4 voleybolçusu hazırlıqlarda iştirak etməyəcək. Buna baxmayaraq Musayev bildirib ki, bu “Rabitə” üçün problem yaratmayacaq: “Komandamızdan 4 nəfər Dünya çempionatında yığma komandalarının şərəfini qoruduğu üçün düşərgədə olmayacaqlar. Lakin bu heç bir problem yaratmayacaq. 9 voleybolçu oyun keçirmək üçün kifayət edəcək. Məsələn, mundial “Fənərbaxça” üçün çətinlik yaradacaq. Onlar hazırlığa DÇ-dən sonra başlayacaqlar. Biz isə yığma komandalarla oynadıqdan sonra növbəti 2 həftədə müxtəlif beynəlxalq turnirdə də iştirak etməyi nəzərdə tutmuşuq. Güclü komandaların iştirakı ilə Bakıda da belə yarışın keçirilməsi istisna edilmir. İnanıram ki, Çempionlar Liqasının ilk oyununa kimi “Rabitə” tam hazır olacaq. Çünki qarşıya ciddi məqsədlər qoymuşuq və bunun həyata keçməsi üçün bütün qüvvəmizi səfərbər edəcəyik”.

Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasında ilk oyununu noyabrın 24-də (+1, -1 gün) Buxarestin “Dinamo Romprest” klubuna qarşı keçirəcək.
0