Azərbaycan yığmasının rəqibləri uduzdular
26.07.2010 - 15:45
Azərbaycan yığmasının rəqibləri uduzdular
Avropa çempionatının B divizionunda mübarizə aparacaq kişilərdən ibarət Azərbaycan basketbol yığmasının rəqibləri Gürcüstanda beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, yarış Elxan Əliyevin komandası ilə eyni qrupda yer alan Belarus və Rumıniya basketbolçuları üçün uğurlu alınmayıb. Gürcüstan və Ukraynanın da mübarizə apardığı turnirdə belaruslular yalnız rumınlardan güclü olublar. Sonuncular isə turniri qələbəsiz başa vurublar.

Bu oyunlardan sonra Belarus milli komandasının baş məşqçisi Mixail Feyman bildirib ki, turnir uğursuz olsa da, heyəti müəyyənləşdirmək baxımından əhəmiyyət kəsb edib: “Yarışda gürcülər və ukraynalılar gözəl oynadılar. Onların oyunçuları güclüdürlər. Bir neçəsi digər ölkələrin çempionatında forma geyinirlər. Bütün bunlara baxmayaraq, turnir komandanı formalaşdırmaq üçün kifayət etdi. Heyətimizdə yalnız Artyom Paraxovski yer almamışdı”.

Qeyd edək ki, basketbolçularımız avqustun 14-də Belarusla Bakıda qarşılaşacaqlar. Elxan Əliyevin yetirmələri avqustun 17-də isə səfərdə Rumıniya komandası ilə qüvvələrini sınayacaqlar.
0