Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Timor-Leste komandasını 6:0 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra millimizin baş məşqçisi Famil Xəlilov jurnalistlərin suallarını cavablandırıb.
Mütəxəssis ilk oyunun çətin keçdiyini, lakin futbolçuların ikinci hissədə toparlanaraq böyükhesablı qələbə qazandıqlarını bildirib:
“Komandamızın ilk oyunu çətin keçdi. Bu, xüsusilə birinci hissədə özünü göstərdi. İkinci hissədə futbolçular toparlanaraq layiqli qələbə qazandılar. Bununla belə, arxayınlaşmaq olmaz. İşimiz hələ indi başlayır.
Məqsədimiz qrup mərhələsini maksimum nəticə ilə başa vurmaq və liderlər sırasında yer almaqdır. Rəqiblərimiz kifayət qədər güclüdür. Onların oyunlarını da izlədik. Hər biri uğur qazanmaq üçün əlindən gələni edir. Biz də bu çempionatda yaxşı mənada iz buraxmaq istəyirik. Burada mübarizə aparmaq qürurverici və sevindirici hissdir.
Ölkə başçısının bizi qəbul etməsi də əlavə motivasiyadır. Futbolçularımız bunu hiss edirlər. İnanıram ki, növbəti oyunlarda daha məsuliyyətli olacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
İlk oyunda böyükhesablı qələbə qazanmaq hər birimizi sevindirdi. Rəqib üzərində aşkar üstünlüyümüz var idi və bunun nəticəsini gördük.
Qrupda maksimum xal toplamağı hədəfləmişik. Avstraliya və Haiti ilə oyunlarımızın çətin keçəcəyini düşünürəm. Bu komandaların da kifayət qədər güclü olduğunu gördük. Onlarla mübarizə apararaq yaxşı nəticələr əldə edə biləcəyimizə inanırıq. Bunun üçün futbolçular özlərinə inanmalı və həyəcanlarını arxada qoymalıdırlar. Ümid edirəm ki, qarşıdakı oyunlarda da yaxşı nəticələr qazanacağıq.
8x8 formatına gəlincə, bu formatın təşkili ilə bağlı ASİM-in iclasında iştirak etdik. Məqsəd futbolçuların topla daha çox təmasda olması və oyunun intensivliyinin artırılmasıdır. Bu formatda hərəkətlilik daha çox, fiziki yük isə daha yüksəkdir. Futbolçularımız yeni formata keçdikdən sonra ona daha yaxşı uyğunlaşmağa başlayıblar. Etiraf etmək lazımdır ki, bu format bir qədər çətindir. Gələcəkdə onun daha geniş yayılması da mümkündür”.