Murat Salar: “Fənərbaxça”nın Ali Koça 3,5 milyard borcu var”
25.10.2025 - 13:46
Murat Salar: “Fənərbaxça”nın Ali Koça 3,5 milyard borcu var”

“Fənərbaxça” klubunun vitse-prezidenti Murat Salar növbədənkənar ümumi yığıncaqda bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, iclasda çıxış edən Salar klubun maliyyə öhdəliklərinə dair cədvəli üzvlərə ətraflı şəkildə təqdim edib.

O, 4 milyard 129 milyon 412 min lirə məbləğində göstərilən “digər borclar” bölməsində sabiq prezident Ali Koça 3 milyard 510 milyon lirə borcun mövcud olduğunu bildirib və bu məsələ ilə bağlı onunla danışdığını vurğulayıb:

"Digər borclar bölməsindəki məbləğin 3 milyard 510 milyon lirəsi Ali Koça olan şəxsi borcdur. O, hər zaman ‘Mənim klubdan heç bir tələbim yoxdur’ deyib. Lakin müstəqil audit şirkəti rəsmi uçot qaydalarına əsasən bu məbləği borc kimi göstərməyə məcburdur. Allah ona uzun ömür versin, amma əgər hər hansı halda bu borc rəsmi sənədlərdə qalarsa, həmin vəziyyət onun varislərinə də təsir göstərə bilər. Ali Koç mənə bildirib ki, vergi və qanunvericilik baxımından lazımi sənədləri hazırlayaraq, varislərini də əhatə edəcək şəkildə klubdan heç bir tələbinin olmadığını rəsmi şəkildə bəyan edəcək".

Qeyd edək ki, Ali Koç 2018–2025-ci illər ərzində İstanbul klubunun prezidenti olub.