Azərbaycan milli komandasının sabiq forvardı Ruslan Qurbanov apasport.az saytına müsahibə verib. Vaxtilə yığma komandamızda oynamış Qurbanov əsas millinin uğursuz çıxışı haqda fikirlərini bildirib.
- Azərbaycan milli komandası evdə Estoniyaya da qalib gələ bilmədi. Bunu necə şərh edərdin? Səncə, niyə Estoniyanı da məğlub edə bilmirik?
- Milli komandamız qol vurmaq üçün şans yaratmadı. Ona görə də, hesab bərabərliklə başa çatdı. Doğrudur, bəzi məqamlarda Estoniya yığmasından daha yaxşı görünürdülər. Amma təəssüf ki, qələbə qazana bilmədik.
- Azərbaycan millisinin hazırkı heyətinin tez-tez tarixinin ən potensiallı yığması olduğu deyilir. Bu fikirlə razısan ?
- Bəziləri üçün belə ola bilər. Hesab edirəm ki, nəticələrə görə ən potensiallı yığma indiki deyil. Bəlkə gələcəkdə başqa komanda meydana çıxacaq. Amma bu gün millini tarixin ən potensiallısı adlandıra bilmərəm.
- Fernandu Santuş mətbuat konfransında bildirib ki, strategiya üçün gəlib və onu həyata keçirməyə çalışacaq. Əlavə edib ki, düzgün yoldayıq. Səncə, həqiqətən Santuş millini düzgün yolla aparır?
- Bilirsiz, gələn hər kəs doğru yolda olduqlarını və onlara daha çox vaxt lazım olduğunu söyləyir. Gözləyək, görək. Təəssüf ki, indi istədiyimiz kimi deyil. Amma inanıram ki, milli hələ də ən yaxşı tərəfdən özünü göstərəcək və çoxlu uğur qazanacaq. Təbii ki, gələcək oyunlarda milli komandaya inanıram.
- Millinin son oyunu İsveçə qarşı olacaq. Həmin görüşdə millimizin qələbə qazanmasını real hesab edirsən? Yoxsa, məğlub olacağıq?
- İnanıram ki, İsveçə uduzmayacağıq. Əgər hər şeyi düzgün və bacardığımız qədər etsək, mütləq uduzmayacağıq. Niyə də qalib gəlməyək? Qalib gəlmək mümkündür. Bunu bacararıq. Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur. Hamı ilə oynayıb qalib gələ bilərsən. Ümidvaram ki, İsveçdəki görüşdə uğurlu nəticə olacaq.
- Milli böyük ehtimalla D divizionuna düşəcək. Bu isə yəqin ki, böyük uğursuzluq olacaq. Heç vaxt D divizionunda olmamışıq. Bu haqda fikrin necədir?
- Azərbaycan millisinin D divizionuna düşməsi.. Təəssüf.. Çox üzücüdür. Bu haqda nəsə deyə bilməyəcəm. D divizionuna düşürsə, demək ki, milli komanda özü günahkardır.
- Azərbaycan millisini hazırkı durumdan nə, kim və hansı addım çıxara bilər?
- Əlbəttə, biz uşaq futbolunu inkişaf etdirməliyik. Öz oyunçularımızı yetişdirməliyik. Əminəm ki, Azərbaycanda gələcəkdə milli komandada oynayacaq çoxlu perspektivli uşaqlar var. Millinin nəsə etməsi, irələyib növbəti matçlarda qalib gəlməsi çətin olacaq.