Ceyhun Sultanov: “Kabel çəkəni, malyarı vəzifəyə gətirəndə futbolumuz bu gündə olacaq” - OFSAYD
23.06.2022 - 11:04
Ceyhun Sultanov: “Kabel çəkəni, malyarı vəzifəyə gətirəndə futbolumuz bu gündə olacaq” - OFSAYD

Apasport.az saytının “Ofsayd” rubrikasının budəfəki qonağı Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, “Fərid”, “Neftçi”, “Dinamo”, “Bakı”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”nin formasını geyinmiş, İranda “Maşinsazi”nin heyətində legioner həyatı yaşamış Ceyhun Sultanovdur.

Karyerasını bitirdikdən sonra “Neftçi” və “Şamaxı”da (o vaxtkı “Keşlə”) idman direktoru vəzifəsində çalışan 43 yaşlı mütəxəssis, xüsusən də, birincilərin çempionluq həsrətinə son qoyduğu 2020/21 mövsümündəki uğurunda pay sahibi olub.

Hazırda sərbəst menecer kimi çalışan Sultanov həm bu sahədəki çətinliklərdən, həm də Azərbaycan futbolunun bu günündən danışıb.

“Neftçi”dəki təzyiq deyildi, bilərəkdən edilən hərəkətlər idi”
- “Neftçi”də böyük təzyiq altındakı işdən sonra indi öz-özünüzün müdiri olmaq necə hissdir?
- Təzyiq altında işləməyi bacarmalısan. Bu, normal haldır. İstənilən işçi təzyiq altında olmursa, orada uğur qazanmaq şansı yoxdur. Amma “Neftçi”dəki təzyiq deyildi, bilərəkdən edilən hərəkətlər idi. Məğlub olarsan, işi düz aparmarsan, o zaman tənqidləri anlayışla qarşılayaram. Amma komanda qələbə qazandığı zaman əgər səni istefaya səsləyirlərsə, deməli, bunun arxasında nəsə var.

- Həmin nəsə kənardan olan müdaxilə idi, yoxsa klub daxilindən?
- İnanın ki, beynimdə hər fikir var. Tam dəqiqliyini bilmək üçün gərək həmin insanlarla üzbəüz oturub danışasız. İnanmıram ki, onlar sizə düzünü deyə. Ona görə də tərəddüd içindəyəm ki, bu müdaxilələr haradan gəlirdi.

- Bəziləri “Neftçi”nin uğurlu transferlərinə görə sizi tərifləyirsə, əksəriyyət uğursuz transferləri yalnız sizinlə əlaqələndirirlər. Bu nədən qaynaqlanır?
- Bir nəfəri hamı istəyə bilməz. Amma insanın işinə baxanda onun doğru olub-olmadığını görürsən. Mənə görə işlədiyim dönəmdə səhv addımlarım olub, amma düzlər də var idi. Düzü heç kim deməyib, hamı səhvin üzərində dayanıb. Şəxsən düşünürəm ki, ən uğurlu dönəmlərindən biri “Neftçi”də işlədiyim vaxtlar olub. Düzgün iş prinsipi də gedirdim. “Neftçi”nin imici var idisə, daha da artmağa başlamışdı. Ancaq elə şərait yaradıldı  ki, oradan getməli oldum.

“Ora gedəndə səhv, düşünülməmiş addım atdım”
- “Neftçi”də çalışanda mətbuatda çox görünmürdüz. Siz də bəzi mütəxəssislər kimi, iş tapan kimi mətbuata qapalı olursuz?
- Açığı, heç bir jurnalistə deməmişəm ki, müsahibə vermirəm. Belə bir hal olmayıb. Heç bir sayt əməkdaşı deyə bilməz ki, Ceyhun Sultanova zəng elədim, telefona cavab vermədi. İşləyəndə də, işləməyəndə də mətbuata qapalı olmamışam.

- “Neftçi”də futbolçu olmaq çətin idi, yoxsa klub idarəçisi?
- Həyatda futbolçu olmaq ən böyük xoşbəxtlikdir. Yalnız karyeranı bitirəndə onun dəyərini bilirsən. İndi də deyirəm ki, heyf o dönəmdən, kaş yenə futbol oynaya bilərdim. Futbolda əziyyət çəkirsən, əvəzində həm xoşbəxt yaşayırsan, həm sağlam olursan. Futbol oynamaq daha asandır, nəinki klub funksioneri işləmək.

- “Keşlə”də (indiki “Şamaxı”) niyə çox qalmadız? Gəzən söz-söhbətlərə görə, transferlərə qarışmağınıza icazə verilmədiyi üçün bu addımı atdınız...
- “Keşlə”yə gedəndə səhv, düşünülməmiş addım atdım. Təklif elədilər ki, gəl, bizimlə çalış. Ora gedəndə düşünürdüm ki, öz ideyalarım olacaq, nə bacarıramsa onu da edə biləcəyəm. Amma gördüm ki, orada idman direktoruna heç ehtiyac yoxdur. Əgər istədiyimi edə bilməyəcəyəmsə, aylıq maaş almaq iş prinsipimə uyğun deyil.

“Oyunundan çox xoşum gəlir, amma bura gətirə bilməmişəm”
- Səmimi cavab verin: Azərbaycanda bütün transferlər baş məşqçinin istəyi ilə olur?

- O baxır hansı dönəmdə. Bütün transferlərdə baş məşqçinin rolu və istəyi olur. Baş məşqçi istəməsə, ora futbolçu gələ bilməz. Mən də neçə nəfər arasından seçdiyim futbolçunu gətirirdim, baş məşqçiyə göstərirdim. Sonda “hə” və ya “yox” cavabını baş məşqçi verib. Çünki oyunçuları sabah o oynadacaq. Baş məşqçinin istəyi olmadan futbolçu gətirməyin effekti də olmaz. Ən azı rəy verməkdə, düzgün seçim etməkdə çalışdırıcı ilə məsləhətləşirsən.

- Sərbəst çalışandan bəri Azərbaycana neçə futbolçu gətirmisiz?
- Açığı, bunu demək istəmirəm. Hər halda hazırda 4-5-i buradadır.

- İçlərində ən yaxşısı kimdir?
- Hələlik “Zirə”də çıxış edən Hamidu Keyta.

- Yaxşı menecer, seleksiyaçı olmaq üçün keçmiş futbolçu olmaq şərtdir?
- Yaxşı menecer olmaq üçün əsas futbol biliyi və yaxşı göz lazımdır ki, futbolçunun keyfiyyətini seçə biləsən. Mən bu gün menecer kimi fəaliyyət göstərmirəm. Hamıya da deyirəm ki, menecer deyiləm. Sadəcə, bu bir hobbidir. Bu işi sevirəm. Mənim işim idman direktorluğudur. Hazırda çalışmadığım üçün öz hobbimlə məşğulam.

- Elə bir futbolçu olubmu ki, gənc yaşda Azərbaycan klublarına gətirmək istəmisiz və sonradan Avropanın adlı-sanlı klublarında görmüsüz?
- O səviyyədə futbolçu Azərbaycana gəlməz. Xoşuma gələn bir oyunçu var idi - Brayan Riaskos. “Neftçi”də olanda onun dalınca getmişdim. Portuqaliyanın 2-ci liqasında oynayırdı. Onu “Neftçi”yə gətirmək istədim, hətta razılaşdıq da. Ancaq sonda agenti ilə problem yarandı. Riaskos da Portuqaliyanın yüksək liqasında çıxış edən “Nasional”a keçdi. Həmin vaxtdan onun oyunundan çox xoşum gəlir, amma bura gətirə bilməmişəm.

“Mamadu Kaneni Azərbaycana gətirəndə yalvardı ki...”
- Yaxşı əcnəbi futbolçu üçün Azərbaycan son variantdır. Onu necə razı sala bilirsiz?
- Keyfiyyətli əcnəbini razı salmaq üçün böyük məbləğdə pul ödəməlisən. İkinci variant yoxdur.

- Bəs bizim öz futbolçularımız niyə Avropaya isinişməmiş qayıdırlar?
- İstənilən Avropa ölkəsi bizim futbola yuxarıdan aşağı baxır. Hansısa oyunçumuz başqa ölkəyə gedəndə bir az tərəddüd edirlər ki, bu, Azərbaycandan gəlib. Həmin futbolçu xarakter göstərib, bacarığını nümayiş etdirə bilsə, hər bir oyunçumuz Avropanın hansısa klubunda oynaya bilər. Bu gün hətta Tacikistandan da, Özbəkistandan da Avropanın yaxşı klublarında oynayan futbolçular var. Bizdə onlardan da keyfiyyətli uşaqlar var. Sadəcə, bunun üçün xarakter lazımdır.

- Namik Ələskərov “Sabah” üçün ölkəyə qayıtdı, Emil Balayev “Səbail”ə keçmək üzrədir. Bu gedişlə Mahir Emrelini də tezliklə çempionatımızda görəcəyik. Problem gedərkən yanlış klub seçimindədir?
- Yanlış klub seçimi olduğuna inanmıram. Sadəcə, bizimkilər avropalı ilə müqayisədə sıxılırlar. Hətta Uqandadan da oyunçu transfer edəndə, o, həmin yerdə möhkəmlənmək üçün çalışır. Mamadu Kaneni Azərbaycana gətirəndə yalvardı ki, məni göndərməyin, burada qalmaq üçün əlimdən gələni edəcəyəm. Səhər, günorta, axşam dayanmadan məşq edirdi. Özü sübut elədi ki, buna layiqdir. Bizim futbolçular bunu etmir. Bizimkilər gedib xaricə düşəndə özlərini əziyyətə vermək istəmirlər. Futbolçu əziyyət çəkmədisə, heç vaxt irəli gedə bilməz.

“Milliyə Dmitri Nazarov kimi futbolçular lazım deyil”
- Yığmamız Millətlər Liqasının ilk 4 oyununda 4 xal topladı. Həqiqətən də, gücümüz budur, yoxsa problem başqadır?
- Gücümüz bu deyil, bundan da yaxşısını edə bilərik. Demirəm ki, istənilən rəqibi məğlub edə bilərik. Hansısa ustaya ispan və ya İran kafeli verə bilərsən. Usta naşıdırsa, xeyri yoxdur, onu yaxşı yığa bilməyəcək. Futbolda da məşqçidən çox şey asılıdır.

- Yayılan söz-söhbətə görə, Belarusdan alınan 4 xala görə futbolçulara 30 min manat mükafat verilib. Milli komanda pul qazanmaq yeri olmalıdır?
- Hər bir ölkə buna fərqli prizmadan baxır. Rəqibə uyğun qazanılan qələbəyə görə hər federasiyanın öz sistemi var. Biz bu gün istənilən 3 xala sevindiyimiz üçün o qədər pul veririk. Amma bu düzgün yanaşma deyil. Futbolçu hər qalibiyyətə görə pul almalıdır. Onlara nə qədər verilsə azdır. Çünki əziyyət çəkir, 90 dəqiqə ərzində hətta meydanda ölə də bilər. Sadəcə, pul sistemli şəkildə verilməlidir. Hər qələbədən sonra pulu çıxarıb tökməməlisən. Həmin pulun bir qismini akademiyalara yönəldə bilərlər. Futbolçulara deyilsə ki, 30 minin yarısını sizin adınızdan Azərbaycanın uşaq futboluna yatırılacaq, məncə, etiraz etməzlər.

- Milliləşdirilən futbolçular da buna “yox” deməyəcək?
- Hamısını razı salmalısan. Kimsə “yox” deyəcəksə, ona millidə yer yoxdur. Milliyə Dmitri Nazarov kimi futbolçular lazım deyil. Onlar bura yalnız pul almaq üçün gəliblər. Onun əvəzinə bir gənci ehtiyatda saxlasan, xeyrini görərsən. Strategiya kökündən yanlışdır.

- Millidə olanda ən çox aldığınız mükafat nə qədər olub?
- Finlandiyaya qalib gələndə 2500 dollar almışdıq.

“Nə qədər belə olacaq, “Neftçi” çətinlik yaşayacaq”
- Avrokuboklarda 2022/23 mövsümü start götürmək üzrədir. Klublarımızın şanslarını necə görürsüz?
- Çətin rəqiblərimiz var. İnam var, amma eyni zamanda qorxu da var ki, rəqiblərimiz güclüdür. Klublarımızın necə güclənməsindən asılı olacaq. Ondan sonra nəsə demək olar. İndiki dönəmdə hamısının güclənməyə ehtiyacı var.

- Bir ay sonra Konfrans Liqası matçına çıxacaq “Neftçi”də baş məşqçi təyinatı yeni rəsmiləşdi. Lakin hələlik transferlərə başlamayıblar. Avrokubok öncəsi bu qədər gecikmə peşəkarlığa zidd deyil?
- Düzdür, peşəkarlığa zidd addımdır. Amma orada hamı kimdənsə asılıdır. Bu gün hətta klub prezidenti Kamran Quliyev də kimdənsə asılıdır. Hamıdan çox əziyyət çəkən, işi aparan adam Zaur Əzizov olacaq. Çünki o, beynində olan strategiyanı yeritmək istəyir, ancaq alınmır. Çünki nə baş məşqçi var idi, nə də istəklərinə “hə” deyən. Sponsorlardan çox şey asılı olacaq. Ümumiyyətlə, büdcənin mayda-iyunda təsdiqlənməsi hər bir kluba ziyandır. “Neftçi”yə isə lap böyük zərbədir. “Neftçi”nin növbəti mövsümdəki büdcəsi yanvarda bilinsə, tam fərqli olar. Nə qədər belə olacaq, hər bir klub, xüsusən də, “Neftçi” çətinlik yaşayacaq.

- Samir Abasovun qalmayacağı mövsüm başa çatmazdan əvvəl məlum idi. Elə həmin vaxtdan baş məşqçi postuna namizədlərlə danışığa başlamaq olmazdı?
- Bilirsiz, sponsorlar həmin vaxt deyə bilər ki, baş məşqçi danışığı aparın. Amma mövsüm bitəndən sonra da deyə bilər ki, mənim o pulu verməyə gücüm çatmır. Belədə problemi klub yaşayacaq. Orada olmadığım üçün nəsə deyə bilmərəm.

“Azərbaycanlı məşqçilər türkiyəlilərdən yaxşıdır”
- Ərtuğrul Sağlamın baş məşqçi postuna adı çəkilirdi. Lakin türkiyəli məşqçilərin və futbolçuların işi Azərbaycanda nədənsə alınmır. Onun gəlməməsi bəlkə “Neftçi”nin xeyrinə oldu?
- Məncə, Türkiyə futbol sisteminin məşqçiləri Azərbaycana uyğun deyil. Hətta deyərdim ki, onlar azərbaycanlı məşqçilərdən güclü deyil. Sadəcə, yaxşı danışıq bacarıqları var. İşləmişəm, görmüşəm. İdeal danışa bilirlər. Çox danışan adam özünü elə aparır, sanki hər şeyi bilir. Amma əslində heç nə bilmir. Ərtuğrul Sağlam Türkiyədə adlı-sanlı məşqçi olub, “Bursaspor”u çempion edib. Bu o demək deyil ki, gəlib burada da uğur qazana bilərdi. “Bursaspor”dan sonra haralarda işlədi, hansı nailiyyəti var? Türkiyəli məşqçilər azərbaycanlılardan güclü deyil. Sadəcə, onların futbolu bizdən bir az üstündür. Hansısa məşqçi 6 ay “Fənərbaxça”da çalışa bilər, sonra CV-sinə baxırsan ki, filan klubda işləyib. Azərbaycanlı məşqçilər bu gün sistematik onlardan da yaxşıdırlar.

- Etiraf edək ki, indiki durumda “Qarabağ”ı müntəzəm üstələmək üçün müəyyən vaxta ehtiyac var?
- Amma “Neftçi” ötən il məhz “Qarabağ”a qalib gələrək çempion oldu. Həmin komandanın keyfiyyətini qaldırsan, istər-istəməz rəqabət də artar. Əvəzində “Qarabağ” daha da gücləndi, “Neftçi” isə zəiflədi. Əgər “Neftçi” heyətini saxlayıb, güclü əcnəbilər alsaydı, “Qarabağ”la bərabər səviyyədə komanda olacaqdı.

“Çempionatımızın şəffaf keçməsi mümkün deyil”
- Premyer Liqada komanda sayı, nəhayət ki, 10 oldu. Bu, inkişaf üçün yetərlidir, yoxsa yalnız say artımına xidmət edir?

- İnkişafa köməyi olacaq, amma sadəcə, say artımıdır. Ən azı kənarda qalan uşaqlar özlərinə komanda tapacaqlar. Amma həmin klublar da birinci diviziondan bir az yuxarı səviyyədə ola bilərlər. Bu da rəqabət üçün deyil. Say artımı 18 yaşına çatanda klubsuz qalan, əsgərliyə gedən gənclərə xeyir verəcək. İdeal çempionatın gedəcəyini demək boş söhbət olar. “Turan Tovuz”, “Kəpəz”, “Şamaxı” kimi komandalar güclənməsə, rəqabət olmasa, çempionatın səviyyəsi eyni qalacaq.

- “Kəpəz” və “Turan Tovuz”un gəlişi ilə AFFA-nın maliyyələşdirdiyi klub sayı 7-yə artacaq. Belə çempionat şəffaf keçə bilər?
- Şəffaf keçməsi mümkün deyil. Klublar eyni yerdən maliyyələşirsə, orada inkişafdan söhbət gedə bilməz. Rəqabət, söz azadlığı olmalıdır. Bir klub hansısa fikir ortaya atanda heç də hamısı onunla razılaşmamalıdır. Yoxsa, biri söz deyir, assosiasiyanın maliyyələşdirdiyi digər klublar da onunla razılaşır. Kimdənsə asılı vəziyyətdə şəffaf ola bilmərsən. 7 klub bir yerdən maliyyələşirsə, oradan inkişaf gözləməyə dəyməz.

- İndidən növbəti mövsümün çempionunu təxmin etmək olar, yoxsa “Sabah”, nəhayət ki, “Qarabağ”la rəqabət apara biləcək?
- Bəli, oyununa görə “Qarabağ” hamısından üstündür. Amma iki aydan sonra necə olacağını heç kim deyə bilməz. Bəlkə “Sabah” və ya “Səbail” ideal komanda yığacaq. Bunları zaman göstərəcək. 

“Yaşlı nəslin nümayəndəsi deyəcək ki, Ceyhun guya bizdən ağıllıdır”
- Bayaq uşaq futboluna yatırım etməyin vacibliyini vurğuladız. Niyə illərdir həm AFFA, həm də klublar uşaq futbolunu görməzlikdən gəlir, bu günü qurtarmaq üçün addımlar atırlar?
- Klublarımızda yaradılan akademiyaların yalnız adı var. Bir az “Qəbələ”də var idi, bir də “Sabah” nəsə etmək istəyir. Hansı akademiyanın komandaları hər il beynəlxalq turnirlərdə iştirak edir? Hansının məşqçiləri Avropada kursa gedir, oradan nəsə öyrənirlər? İnkişaf istəyirsənsə, gedib görməlisən. AEK-in bazasındakı iş prinsipini bilməsəydim, indi bunları danışmazdım. Ən azı indi bilirəm ki, əsas komanda ilə akademiya bir yerdə olmamalıdır. Bunu orada görmüşəm. Hərəsinin öz iş prinsipi və fərqli cavabdehi var. AEK-in idman direktoruna deyirəm ki, akademiya ilə maraqlanıram, cavabında bildirir ki, mənlik deyil, oranın öz adamları var. Gedib görməsək, heç nə əldə edə bilmərik. Mən bilirəm söhbəti yoxdur. Köhnə məşqçiləri danışdırsan deyəcəklər ki, biz banişevskilər görmüşük, biz oynamışıq. Bizlər qurtardı, yeni nəsillər gəlib. Nəsə deyəcəyəm, yaşlı nəslin nümayəndəsi də söyləyəcək ki, Ceyhun guya bizdən ağıllıdır. Daha demirlər ki, gənc nəsil daha çox inkişaf edib, daha çox axtarışdadırlar və onların da dəyərli sözü ola bilər. Öz mentalitetimizə uyğun müqayisə aparacağam. Yaşlı söz deyəndə cavan dillənməməlidir. Həmin baxışla da gedirik. İndi cavan nəsə deyəndə yaşlıların xoşuna gəlmir. Ona görə də arada münasibət korlanır. Gənc nəslin nümayəndələrindən biri elə söz deyə bilər ki, yaşlının ondan heç xəbəri yoxdur. Bunu qəbul eləməlidirlər. 43 yaşım var və istənilən klubu elə idarə edərəm ki, 60 yaşlı biri bunu bacarmaz. Lakin həmin 60 yaşlı mütəxəssis deyəcək ki, bu kimdir, futbolçu olub də. Yəni yuxarıdan aşağı baxacaq. Düşünməyəcək ki, həyatda iş prinsipi başqa şeydir. Hər şeyin öz yeri var. Mən bu gün məşqçi işləyə bilərəm? İstəsəm də alınmaz. Çünki mənim sferamda deyil. Mənim bacarığım klub funksionerliyi, idarəetməsi və klub yaratmaqdır. Bunu yaxşı bacarıram. Sabah desəz ki, hansısa komandanı götür məşq elətdir, ona razı olmaram. Çünki bacarmıram. İndi elə vəziyyət yaranıb ki, çoxları işi bilmədiyi halda maaş almaq üçün gedib bir yerdə işləyir. Amma belə olmamalıdır. Hərə öz bacarığına uyğun işlə məşğul olmalıdır.

“... utanıram”
- Sizə iş təklifi olub?
- Bəli. Skaut rəhbəri və s. təkliflər var. Amma bu, mənlik deyil. Mənim işim idman direktorluğudur. Oradan da yüksəlməyi düşünürəm. Bundan sonra idman direktorundan aşağı vəzifəyə getməkdənsə, elə indiki kimi özüm üçün çalışaram.

- Klub yaratmaq arzunuz varmı?
- Əlbəttə, arzum var. Haradansa böyük bir sponsor tapsam, buna gedəcəyəm. Hər şey sponsora bağlıdır. Və göstərə bilərəm ki, sponsor pul xərcləyəndir, deyə bilməz ki, filan işi belə eləmə. Mənə bu göstərişlər veriləcəksə, işləməyəcəyəm. Çünki sponsorun işi pul xərcləmək və nəticə tələb etməkdir. Bu gün Azərbaycanda klub prezidenti deyir ki, bu nə futbolçudur gətirmisiz, göndərin getsin. Bu düşüncə ilə heç nə edə bilmərik. Təəssüf ki, bu vəziyyətdəyik. Bilirsiz nəyə utanıram? Məşqçilər tapşırıqla hardasa məşqçilik edirlər, futbolçular tapşırıqla hansısa komandaya keçmək istəyirlər. Bunlar olduğu müddətdə inkişafdan danışa bilmərik. Vallah, bunları eşidəndə utanıram. Bu ofis işi deyil. Ofis işində səhv edə bilərsən. Amma məşqçi səhv etməməlidir. Tapşırıqla gələn məşqçinin sonu yoxdur. Çünki minlərlə insanın qarşısına öz malını çıxarır. Yaxşı məşqçinin tapşırılmasına ehtiyacı olmaz. Yuxarı yerdən bir qohum tapmaq, tapşırtdırmaq olmamalıdır. Təəssüf ki, aşağı yaş qruplarında da bu var, hətta Premyer Liqa komandasında da var idi. Görün, komandalarımız hansı vəziyyətdədirlər. Sonu da budur.

“Gətirmək istədiyimiz əcnəbi deyir ki, bu nə futbol ölkəsidir?”
- Bəlkə sistem kökündən dəyişməlidir?
- Sistem çoxdan dəyişməli idi. Demirəm ki, AFFA-da kimlərsə dəyişsin. Sadəcə, onların da yanında işi bilən adamlar olsun. İşləmək istəyirlərsə qalsınlar. Sadəcə, bir işi görəndə bunu bilənlərlə məsləhətləşsinlər. Onlar versiya irəli sürə bilər, ancaq təhlili futbolu bilən mütəxəssis etməlidir. Bu gün beş nəfər süfrə arxasında oturub yeyib-içir, sonra da deyirlər ki, filan işi bu cür görək, bəlkə alındı. Bu sistemsiz işdir. Almaniya bundan sonrakı 10 ilin sistemini qurub. Düşünürlər ki, indi uğurum olmasın, amma 10 ildən sonra nəticələrimlə hamısını sığortalayım. Biz isə hələ də 3 xala sevinirik. Neçə oyun uduzduq, hamı “baltaladı”, bir qələbə qazanan kimi, irəliləyişdən danışırlar. İki mərhələdə bir qələbə qazanırıq. Müstəqilliyin ilk illərində də o bir oyunu udurduq. İllər keçib, hələ də düşünürük ki, qrupda bir komandanı qabaqlayaq. Hamı irəliləyir, Şimali Makedoniya belə, böyük çempionatlarda iştirak edir. Biz hələ yerimizdə sayırıq, hamı da yuxarıdan aşağı baxır. Elə bunlara görədir ki, yaxşı əcnəbi futbolçuları bura gəlməyə razı sala bilmirik. Deyirlər ki, Azərbaycanda futbolun səviyyəsi aşağıdır. Portuqaliyadan, Niderlanddan futbolçu gətirmək çox çətindir. Halbuki orada oynayanların çoxu buradakılardan az maaş alırlar. Ancaq yenə də gəlmirlər. Deyirlər ki, Azərbaycana gəlsəm, sabah başqa böyük komandaya gedə bilmərəm. Hamısı da milli komandanın nəticəsinə baxıb belə düşünür. Çünki futbolun aynası millidir. Hansısa rəqib Azərbaycan yığmasına 3 qol vurur, bura gətirmək istədiyimiz əcnəbi də deyir ki, bu nə futbol ölkəsidir? Türkiyənin 1-ci liqasını bizdən üstün tuturlar. Futbolçu Türkiyənin 1-ci liqasına getməyə müsbət yanaşır, Azərbaycan liqasının adını görəndə deyir ki, onu yığışdır. Bütün bunlar millimizin, çempionatımızın zəifliyindən qaynaqlanır. Bizim vaxtımızda da zəif idi. Ən azı bilirdik ki, şəraitimiz yüksək deyil. Milli ilə seçmə mərhələdə heç olmasa 1-2 qələbə qazanırdıq. Mükafatı indikilərdən az alırdıq, şəraitimiz də pis idi. İş orasıdır ki, illər keçir, hamı inkişaf edir, biz daha da geriləyirik.

“Futbolu idarə edənlər papaqlarını qabaqlarına qoyub düşünsünlər”
- AFFA-nın vitse-prezidenti Elxan Məmmədov FIFA-da işə başladı. Əksəriyyət Azərbaycan futbolunun ən böyük problemi kimi onu görürdü. Onun gedişindən sonra vəziyyətin dəyişəcək?
- Dəqiq getdimi? Açıq danışaq, bu gün Azərbaycan futbolunu kimin idarə etdiyini heç bilmirəm. Belədə inkişafdan nə danışaq? Baş katib Sərxan Hacıyev cavandır, yaxşı insandır, tərbiyəlidir. Ən azı bacarığı var, hörmət bəsləyirik. Ancaq sual verirəm: futbolumuzu Sərxan Hacıyev idarə edir? Siz buna inanırsız? O, qərar verə bilər? Bizə lazımdır, qərar verən adam çıxıb desin ki, mən idarə edirəm. Premyer Liqada oynayan “Şamaxı”nın prezidenti yoxdur, “Kəpəz”də vəziyyətin nə yerdə olduğu bilinmir, klubların büdcələrinin necə olacağı naməlumdur. 7 komandanı da SOCAR maliyyələşdirir. Komandalar müstəqil olmadığı müddətdə inkişaf, rəqabət gözləməyin. O vaxt Mübariz Mənsimov, Hafiz Məmmədov, Cahangir Hacıyev kimi klub prezidentləri var idi. Təkcə klub prezidentləri arasında olan rəqabət intriqanı artırırdı. Klub prezidentləri deyirdilər ki, mənim komandam kiməsə uduzmamalıdır. Bu gün isə düşünürlər ki, “Sumqayıt”, onsuz da, Premyer Liqada qalacaq. Birinci divizionda 7-ci, 10-cu yeri tutan komandalar elitaya buraxılır. Həmin liqada birinci yeri tutan niyə oynayır? Gülməli qərarlardır. Futbolu idarə edənlər papaqlarını qabaqlarına qoyub düşünsünlər ki, Azərbaycan futboluna nə edirik?

- Elə isə hələ uzun müddət Azərbaycan futbolundan heç nə gözləməyək?
- Belə görünür. Mən heç nədən çəkinmirəm, narahat da deyiləm. İstəyirəm ki, inkişaf olsun. Eybi yox, mən işləməyim, amma düzgünlük olsun. Futbolun inkişafı mənim də işimə xeyirdir. Sabah mənə rahat olar. Başqa heç nə istəmirəm. Sadəcə, kabel çəkəni bir vəzifəyə, malyarı başqa vəzifəyə gətirəndə futbolumuz da bu gündə olacaq. Hərə öz işi ilə məşğul olmalıdır.

“De Byazi ilə müqavilə bağlanılmalıdır” deyən adam həbs edilməlidir”
- Deyirsiz ki, heç nədən çəkinmirəm. Niyə çəkinmədən sözünü deyən məşqçi azdır?
- İnanın ki, işləyən bəzi məşqçilər içlərində “partlayırlar”, amma danışa bilmirlər. “De Byazi qalmalıdır”, açıqlamasını verən mütəxəssisə nə deyim? Mən də deyirəm ki, Sərxan Hacıyev düzgün işləsin, vəzifəsində qalsın. Təki futbolumuz inkişaf eləsin. Hamı deyə bilər ki, Sərxan Hacıyev Elxan Məmmədovla bir yerdə olub, birgə çalışıb. Bunun dəxli yoxdur. Uğur varsa, Sərxan işləməlidir, uğur yoxdursa, getməlidir. De Byazi də həmçinin, uğurlu nəticələr əldə edirsə, işləməlidir. Amma uğursuzluğu görə-görə “de Byazi ilə müqavilə bağlanılmalıdır” deyən adam 2 illik həbs edilməlidir. AFFA İcraiyyə Komitəsində oturan futbol adamlarından biri deyib ki, FIFA Elxan Məmmədovla bağlı düzgün qərar vermədi, mən olsaydım, onu FIFA prezidenti təyin edərdim. Belə futbol adamı bu sözü deyəndə, hansısa gənc mütəxəssis də onu tənqid edəndə, olur pis adam. Hər yerdə də həmin gənci pisləyəcəklər. Çünki düzünü danışır. AFFA-da mən də işləyə bilərdim. Rəhbərliyin hər dediyinə əlimi qaldırsaydım, indi, bəlkə də, ən yaxşı vəzifələrdən birində idim. Bunun sonluğu yoxdur axı. Mənimlə bir yerdə oynayan, işləyən şəxslər üz-üzə gələndə deyəcəklər ki, Ceyhun, sən nə edirsən? Heç mənimlə bir masada oturmayacaqlar ki, bu yaltaq adamdır. Öz sözünü demədiyin yerdə inkişaf olmayacaq. Sabah mənə iş versələr belə, səhvi deyəcəyəm. “Neftçi”də işlədiyim zaman televiziyaya çıxıb açıqlama verdim ki, büdcəmizi azaldıblar. Bunu kim deyərdi? Dedilər ki, Ceyhun indidən özünü sığortalayır. Doqquz minə futbolçular gətirirdim. Mən sözümü hansısa rəhbərin yanında yaxşı olmaq üçün demirəm. Onlar özlərini mənim yanımda yaxşı eləməlidirlər. Çünki mən futbol oynamışam, onların isə haradan gəldiyi bilinmir. Kiməsə yalvaran da deyiləm ki, mənə iş ver. İş üçün kiməsə ağız açırsansa gözükölgəlisən, istədiyini deyə bilməyəcəksən. Hansısa klub dəvət göndərsə, böyük məmnuniyyətlə çalışaram. Amma bir şərtlə ki, istər klub prezidenti, istərsə də sponsor olsun, səhv qərar zamanı bunu deyəcəyəm. Yox, “pulu mən xərcləyirəm, nə dedimsə ona əməl olunmalıdır” düşüncəsi varsa, mən orada işləməyəcəyəm. Çünki bu düşüncə uçuruma aparır. İş həmişə var. Sadəcə, onu tapmaq lazımdır. Hərə bacardığı işi görməlidir. Bu gün işdən çıxarılan hansısa futbol mütəxəssisi öz bacarığından istifadə eləmir. Deyir ki, mən bircə məşqçiliyi bacarıram, indi qalacağam küçədə. Futbolu bacarırsansa, çulunu sudan çıxarmaq üçün bu peşəyə aid nəsə edə bilərsən. Bu gün klubdan çıxarılan məşqçi gedib oturur evdə, gözləyir ki, kimsə iş təklif eləsin. Bəlkə 10 il təklif olmayacaq, axı acından öləcəksən. Otur gözlə ki, kimsə sənə çörək verəcək. Sonda həmin futbol adamları məcburiyyətdən kiməsə yaxşı olmaq üçün “sən nə deyirsənsə düzdür” deyir. Əsas odur ki, mən işləyim. Ona görə də futbolumuz bu vəziyyətdədir. Çulunu sudan çıxarmağı bacaran mütəxəssis öz sözünü deyə biləcək. Bacarmayanlar isə kimdənsə asılı qalacaq.

Ruslan Sadıqov
 

0