Tennis Federasiyasından erməni təxribatı ilə bağlı beynəlxalq federasiyaya MƏKTUB
21.01.2023 - 11:27
Tennis Federasiyasından erməni təxribatı ilə bağlı beynəlxalq federasiyaya MƏKTUB

Tennis üzrə Avstraliya açıq çempionatında xoşagəlməz hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, erməni əsilli Rusiya idmançısı Karen Xaçanov "Böyük Dəbilqə" seriyalı turnirdə mənfur hərəkəti ilə diqqət çəkib.

ABŞ tennisçisi Frensis Tiafu ilə 1/16 final oyununa 20 yanvar tarixində çıxan erməni 6:3, 6:4, 3:6, 7:6 hesablı qələbədən sonra kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə "Artsakh stay strong", yəni "Artsax, möhkəm ol" sözlərini qeyd edib. 

Əslində, tennisçilər üçün kameranın obyektivi üzərinə qələbə sevinci ilə bağlı öz ürək sözlərini yazmaq adət halını alıb. Bundan yararlanan Xaçanov öz məkrli planını həyata keçirib.

Azərbaycan Tennis Federasiyası bu təxribatın yolverilməz olduğunu nəzərə alaraq Beynəlxalq Tennis Federasiyasına (ITF) etiraz məktubu göndərib. Məktubda ölkəmizə qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunub: “Azərbaycan Tennis Federasiyası olaraq bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsi tələb olunub. Ümid edirik ki, tez bir zamanda məsələ obyektiv həllini tapacaq”.

Qeyd edək ki, yanvarın 8-də start götürən Avstraliya açıq çempionatı ayın 29-da başa çatacaq.

0