“Azərreyl” Dubayda ikinci yeri tutdu
03.02.2009 - 22:28
“Azərreyl” Dubayda ikinci yeri tutdu
Qadın voleybolçulardan ibarət Bakının “Azərreyl” klubu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq yarışı ikinci yerdə başa vurub. Bu haqda apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Faiq Qarayevin yetirmələri finalda İtaliya təmsilçisinə uduzublar - 2:3.

Gözəlbəyli həlledici görüşdə “Azərreyl”in məğlubiyyətini belə əsaslandırıb: “Dubaydakı yarış mini-turnir idi. Burada nəticəyə ciddi fikir vermirlər. Özü də finalda “Azərreyl”də eksperimentlər olub. Təkcə onu deyim ki, setlərin birində komandamız 25:9 hesabı ilə qalib gəlib. Lakin sonradan gənc voleybolçularımıza şans verildiyindən, məğlubiyyətlə üzləşmişik. Məncə, belə eksperimentlərdən sonra finalda uduzmağımız qeyri-adi sayılmamalıdır”.

“Azərreyl”in Dubay səfəri hələ sona çatmayıb. Paytaxt klubu orada daha bir həftə qalaraq, təlim-məşq toplanışı keçəcək və fevralın 10-da Vətənə dönəcək.
0