Azərbaycan Həndbol Federasiyası sifariş ərizəsini yubadıb
20.02.2009 - 00:00
Azərbaycan Həndbol Federasiyası sifariş ərizəsini yubadıb
Qadın həndbolçular arasında növbəti Avropa çempionatının seçmə mərhələsi yeni reqlamentlə keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin təsnifatı əvvəlki kimi pley-off yox, qrup sistemi üzrə olacaq. Avropa çempionatına vəsiqə qazanmaq üçün komandalar iki seçmə mərhələdə iştirak etməlidirlər.

Azərbaycan Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərovun apasport.az saytına verdiyi məlumata görə, milli komandamız Yunanıstan, Finlandiya və Böyük Britaniya ilə birgə birinci seçmə mərhələdən mübarizəyə qoşulacaq: “Biz birbaşa ikinci seçmə mərhələdə iştirak hüququ qazana bilərdik. Ancaq təsnifat mərhələsində oynamaq üçün sifariş ərizəsi verməyə yubandıq. Çünki öncə dünya universiadasında çıxış etmək istəyirdik. Sonradan öyrəndik ki, universiadanın proqramından həndbolu çıxarıblar. Buna görə qitə çempionatının seçmə oyunlarına qatılmaq qərarına gəldik. Lakin gecikdiyimiz üçün ən zəiflərin sırasında yer aldıq”.

Yığmamız ilkin seçmə mərhələ oyunlarını 25-27 sentyabr aralığında keçirəcək. Bu matçların Bakıda təşkil ediləcəyi istisna deyil. Rəfiqə Şabanovanın rəhbərlik etdiyi kollektiv qrupda ilk iki yerdən birini tutarsa, növbəti mərhələyə adlayacaq. İkinci seçmə mərhələnin püşkü gələn ayın 24-də Vyanada olacaq. Püşkatma zamanı 28 komanda hərəsində 4 yığma olmaqla, 7 qrupa bölünəcək. Seçmə matçlara 2010-cu ilin mayında yekun vurulacaq. Tarixdə ilk dəfə iki ölkənin - Norveç və Danimarkanın təşkil edəcəyi Avropa çempionatı gələn ilin dekabrında gerçəkləşəcək.
0