“Azərbaycan yığması çox balanslaşdırılmış komandadır”
01.07.2009 - 10:41
“Azərbaycan yığması çox balanslaşdırılmış komandadır”
“Azərbaycan yığması çox balanslaşdırılmış komandadır. Evdə, özü də ağzınadək dolu zalda uduzmaq həmişə xoşagəlməzdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Vladimir Kuzyutkin deyib.

Onun rəhbərlik etdiyi kollektiv Rusiyanın birinci prezidenti Boris Yeltsinin xatirə turniri çərçivəsində dünən Yekaterinburqda yığmamıza 2:3 hesabı ilə məğlub olub. Bu uğursuzluq üzündən baş məşqçi məyusluğunu gizlətməyib: “Məğlubiyyətə görə özümüzə bəraət qazandırmaq asandır. Məsələn, deyə bilərik ki, heyətdə liderlər yoxdur, komandamız gəncdir. Üç oyunçumuzun 19 yaşı var. İdman həyatında təcrübə satılmır. Onu ağır məğlubiyyətlər zamanı qazanırsan. Şübhəsiz ki, gənc voleybolçuların bu gün möhtəşəm oyun göstərmələri çətindir. Biz hələlik zəifik, sizi inandırıram ki, bu, hələlik belədir”.

Milli komandamız rusiyalılara qalib gəlməsinə baxmayaraq, 6 yığmanın qatıldığı çempionatı sonuncu pillədə başa vura bilər. Faiq Qarayevin yetirmələri bu gün Belarusla 5-ci yer uğrunda mübarizə aparacaqlar.
0