“Heydər Babayev aciz görünmək istəmir”
01.07.2009 - 17:03
“Heydər Babayev aciz görünmək istəmir”
“Heydər Babayev Azərbaycan Həndbol Federasiyasının (AHF) prezidenti postunda qalır. O, iqtisadi inkişaf naziri postundan getsə də, federasiya başçısı kimi fəaliyyətini davam etdirir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri lent.az-a açıqlamasında həndbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi, olimpiya çempionu Rəfiqə Şabanova deyib.

Şabanovanın sözlərinə görə, Babayev qürurlu və özünə hörmət edən insandır: “Heydər müəllim həndbol komandamız qarşısında aciz vəziyyətdə görünmək istəmir. Onun xarakteri elədir ki, ona yazıqları gəlməsini sevmir”.

Olimpiya çempionumuz bildirib ki, AHF prezidenti vaxtaşırı millimizlə görüşür və problemləri ilə maraqlanır. Sonuncu belə görüş isə bu yaxınlarda olub: “İyulun əvvəllərində Nabrana təlim-məşq toplantısına yollanacağıq. Heydər müəllim bizə dedi ki, o da Nabrana gələrək komandamızın hazırlığı ilə maraqlanacaq. Əlbəttə, insanın əhval-ruhiyyəsinin qaydasında olmadığı dövrlər olur. Ancaq hazırda Babayev həndbolun inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəyini deyir. Mən başqasının cibinə girərək “nə qədər lazımdırsa, ver” deyə bilmərəm. Amma yaxşı nəticələr göstərmək və səviyyəli oyunçular yetişdirmək üçün klublara yığmadan çox pul lazımdır”.

Millimizin baş məşqçisi AHF prezidentinin dövlət vəzifəsində çalışdığı dövrə nəzərən hazırda həndbola daha çox diqqət ayırdığını açıqlayıb. Onun sözlərinə görə, Babayev həndbol zalı kimi istifadəyə verilən “ABU-Arena” İdman Kompleksinə tez-tez baş çəkir: “Təbii ki, o, hər gün komanda ilə görüşmək imkanına malik deyil. Amma yarışlarda, toplantılarda iştirak edir. Mən hər hansı məsələ ilə bağlı ona zəng edə bilərəm. Başa düşürəm ki, dövlət vəzifəsi olmadan federasiyanın ehtiyaclarını ödəmək bir qədər çətindir. Lakin Heydər müəllim bizə kömək göstərməkdən imtina etmir. Əlbəttə, başqa sponsorumuz da olsaydı, daha yaxşı nəticələr göstərə bilərdik”.
0