“Çabalayırıq, əzablara dözürük” - MÜSAHİBƏ
25.11.2011 - 16:00
“Çabalayırıq, əzablara dözürük” - MÜSAHİBƏ
“Qala” basketbol klubunun və Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyevin apasport.az saytına müsahibəsi

- Sabah növbəti Azərbaycan çempionatına start verilir. Sizcə, elə də güclü olmayan klubların mübarizəsi nə vəd edir?
- Demək olar bütün komandalar yenidir. Burada yalnız “Qala” və “Araz” debütant deyil. Lakin bu komandaların heyətində də kifayət qədər dəyişikliklər edilib. Yəni, biz federasiya rəhbərliyi ilə müzakirələr apardıqdan sonra “Qala”nı gələcəyin komandası kimi qurmağı qərara aldıq. Bunun üçün ötən il komandada çıxış edən Milovan Popoviçlə vidalaşdıq. Yığmanın baş məşqçisi kimi bütün gəncləri komandaya cəlb etdim ki, digər təcrübəlilərlə oynasınlar və növbəti illərdə həm də milliyə faydalı olsunlar. Fikrimcə, 2-3 ilə daha güclü komandaya çevriləcəyik. Bu mövsüm titul üçün oynamayacağıq. Hansı yeri tutacağımız bizim üçün əhəmiyyətli deyil. Əsas məqsəd gənc basketbolçuları yetişdirmək olacaq. Düzdür, yeni mövsümdə hərbi xidmətdə olan 2 idmançımız heyətə döndü. Lakin gənc, perspektivli və boyu 2 metr olan Kamran İmanovu itirdik. O, əsgərliyə getdi. Çox çalışsaq da, icazə ala bilmədik.

- Onları heç olmazsa, bir neçə günlük milli komandanın təlim-məşq toplanışlarına gətirmək də mümkün deyil?
- Nə qədər istəsək də, bu, alınmır. Hətta nazirə də müraciət etmişik. Lakin xeyri yoxdur. Özü də Kamran 18 ay hərbi xidmətdə olacaq. Bu müddətdə məşq etmədikdən sonra, hansı vəziyyətdə komandaya qayıdacaq?

- Bəs Azərbaycan çempionatının baxımlı olması üçün nə çatışmır? Halbuki, 7-8 il öncə basketbolda kütləvilik hiss olunurdu...
- Yalnız onu deyə bilərəm ki, hər şey pula bağlıdır. Düz qeyd edirsiniz, bir neçə il öncə basketbol və ya bu idman növü üzrə Azərbaycan çempionatı digərlərindən fərqlənmirdi. Bizdə də kifayət qədər legioner çıxış edirdi. Lakin sonradan... Demək olar ki, hər şey tərsinə oldu. Məsələn, futbol və ya voleybol klublarımıza baxdıqda, yalnız legionerlərdir. Bunların isə elə də fayda vermədiyi açıq-aşkar görünür. Elə voleybol klublarımız var ki, heyətinin hamısını əcnəbilər təşkil edir. Bunun Azərbaycana və ya milli komandasına nə xeyri var? Mən də başa düşürəm, legioner lazımdır. Lakin 2-3 nəfər kifayət edər. Onların yanında qoy azərbaycanlı balaları oynasın, təcrübə toplasın və sonra da bayrağımızı yüksəltsinlər. Bu il “Qala”da belə dəyişiklik etməyimizdə də məhz bu amil rol oynadı. Hətta “Araz”da çıxış edən millinin bir neçə üzvü bizim də məşqlərə gəlir.

- Azərbaycan çempionatında bölgə klubu çıxış etmir. Hətta “Araz” Naxçıvanı təmsil etsə də, Bakıda məskunlaşıb. Təbii ki, tək paytaxtın ümidinə qalmaqla inkişaf da belə gedəcək...
- Düz qeyd edirsiniz. Biz yalnız Bakıya “bağlanmışıq”. Amma bu il “Qala”ya bölgələrdən də hündürboylu bir neçə basketbolçu cəlb etmişik. Bunlardan ikisi Gəncədəndirlər. Əla perspektiv vəd edirlər, basketbolçuya oxşayırlar. 1 nəfər də Şəkidən komandaya oyunçu gətirmişik. Lakin onun 15 yaşı olduğundan klubda oynaya bilməyəcək. Reqlamentə görə, çempionatda 16 yaşından oynamağa icazə verilir. Buna baxmayaraq, bizimlə məşq edir və gələcəkdə də bunun bəhrəsini görəcəyik.

- Azərbaycan yığmasını növbəti Avropa çempionatında çətin sınaq gözləyir. Tarixdə ilk dəfə belə mötəbər yarışda iştirak edəcəksiniz. Məqsədiniz nə olacaq?
- Biz hədəf kimi gözəl oyun planlaşdırırıq. Lakin buna nə dərəcədə nail olacağıq, bunu zaman göstərəcək. Çünki nə etsək öz gücümüz hesabınadır. Fikirləşin, milli komandanın məşq etməyə, oynamağa belə yeri yoxdur. Çempionatımız taxta döşəmə üzərində keçirilir. Amma yenə də uğur qazanırıq. Heç olmasa, komandaya zal versələr, gənc uşaqlar da görərlər ki, basketbola diqqət var. Bir sözlə, çabalayırıq, bu idman növünü yaşatmaq üçün əzablara dözürük. Lakin soruşan yoxdur ki, bu soyuq zallarda siz necə qalırsınız, ölməmisiniz ki?

- Bu çətinliklərə baxmayaraq, siz Avro-2013-də mübarizə aparacaqsınız. Maraqlıdır, hansı yığmaları özünüzə münasib sayırsınız?
- Fikrimcə, bizdən əvvəlki səbətlərdə yer alan komandalardan ən idealları Finlandiya, Bolqarıstan və Portuqaliyadır. Sonuncularla, hətta legionerlərsiz başabaş oynamışıq. Sonuncu səbətdən isə Belarusu yalnız istəmirəm. Lakin püşk mənim istəyimlə atılmır və bunlara dekabrın 4-də aydınlıq gələcək.

- Ötən il B divizionunda mübarizə aparırdınız. Haradasa yığmamızı bu yarış üçün yaxşı saymaq olardı. Bu dəfə isə Avropa nəhəngləri ilə oynamaq ehtimalınız var. Komandanı gücləndirmək, yeni legioner dəvət etmək barədə fikirləşirsinizmi?
- Hazırda bu istiqamətdə güclü işlər gedir. Mən hələ ad açıqlamaq istəmirəm. Çünki alınmaya da bilər. Lakin Ukrayna, İsrail, Kanada və digər çempionatlarda oynayan həmyerlilərimiz və legionerlərlə danışıqlar gedir. Yəqin ki, 10-15 günə bu məsələ müsbət sonluqla yekunlaşacaq.

- Komandada çıxış edən legionerimizin klublarda vəziyyəti ilə maraqlanırsınızmı? Məsələn, Aleksandr Rındin ötən mövsüm Türkiyə çempionatında günlərini boşa verdi...
- Onlar həmişə diqqətimdədir. Rındin bu dəfə özüm danışıq aparıb, yenidən Rusiyaya qaytarmışam. Surqutda “Universitet-Yuqra” klubunda çıxış edir. Məşqçi də tanışdır. Onunla arada danışıram və bilirəm ki, orada gərgin məşq edərək, oyunlara çıxır. Amma ötən il “Türk Telekom”a keçdi, ardınca əvəzedicilərə göndərildi, zədələndi və mövsümdə özünü göstərə bilmədi. İnanıram ki, o da digər legionerlər kimi bu dəfə tam hazırlıqlı olacaq.
0