“Bakı” asan qələbə ilə başladı
26.11.2011 - 20:05
“Bakı” asan qələbə ilə başladı
Bu gün qadın voleybolçular arasında növbəti Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 201 günlük fasilə son ölkə çempionu “Rabitə”nin oyunu ilə başa çatıb.

Zoran Qayiçin yetirmələri ilk turda debütant “Lokomotiv Biləcəri” ilə münasibətlərinə aydınlıq gətiriblər. Oyunun aşkar favoriti “Rabitə” çempionatının güclüsü olduğunu bir daha sübut edib. Belə ki, dünya çempionlarının “Lokomotiv Biləcəri” ilə qarşılaşmasını məşq kimi də dəyərləndirmək olar. Çünki heyətində ulduzların yer aldığı “Rabitə” gənclərdən qurulmuş rəqiblə oyunun ilk və üçüncü setlərində ukraynalı İqor Filştinskinin komandasına cəmi 10 xal güzəştə gedib. Düzdür, ikinci hissədə “Lokomotiv Biləcəri” görüşdə dönüş yarada bilərdi. Lakin hesab 20:20 olduqdan sonra “Rabitə”nin voleybolçuları təcrübə sayəsində debütantın sensasiya etməsinə imkan verməyib.

Beləliklə, son Azərbaycan çempionu mövsümə inamlı qələbə ilə başlayıb.

Bu qarşılaşmadan sonra “İqtisadçı” - “Azəryolservis” oyunu keçiriləcək. Lakin əvvəlcədən proqnozlaşdırmaq olar ki, italiyalı mütəxəssis Emanuele Sbanonun yeni formalaşdırdığı “universitet komandası”nı heç də asan oyun gözləmir. Azərbaycan milli komandasının məşqçisi Aleksandr Çervyakovun çalışdıracağı “Azəryolservis” heç də pis heyət yığmayıb. Bunun üçün matçın taleyinin həlledici hissəyə kimi davam edəcəyi gözlənilir.

Turun mərkəzi qarşılaşması isə “Lokomotiv”lə “Bakı” arasında olacaq. Ötən mövsümdə arzularını həyata keçirə bilməyən və bu dəfə tamamilə yeni heyət quran “Bakı” “Çelenc Cup”ın finalçısı ilə dueldən qalib kimi ayrıla bilər. Onların ayrı-ayrılıqda voleybolçuları və braziliyalı baş məşqçiləri Ancelo Vercesi kifayət qədər təcrübəyə malikdirlər.

Lakin “dəmiryolçular” üstünlüyü komandanın müəyyən müddətdir bir yerdə oynaması və Draqutin Baltiçin ötən mövsümdən klubun “sükanı arxası”nda yer almasıdır. Yeri gəlmişkən, yeni mövsümdə Super Liqada mübarizə aparacaq 7 klubdan yalnız “Lokomotiv” baş məşqçisini dəyişməyib. Onlardan fərqli, digər komandaların hamısı yeni çalışdırıcıya ehtiyac duyublar.

I tur


26 noyabr

“Rabitə” - “Lokomotiv Biləcəri” - 3:0 (25:10, 25:23, 25:10)
I hakim: Zaur Hacıyev
II hakim: Ceyhun İsmayılov

“İqtisadçı” - “Azəryolservis” - 3:1 (17:25, 25:21, 25:13, 28:26)
I hakim: Murad Abdurahmanzadə
II hakim: Vüqar Cəfərov

18:00. “Lokomotiv” - “Bakı” - 0:3 (19:25, 21:25, 23:25)
I hakim: Konstantin Selin
II hakim: Eldar Zülfüqarov

Qeyd edək ki, oyunların hamısı Bakı İdman Sarayında keçiriləcək. Təqvimdə olunan dəyişiklikdən sonra isə I turda “Azərreyl” istirahət edəcək.
0