4 qələbə, 2 məğlubiyyət
28.11.2011 - 10:54
4 qələbə, 2 məğlubiyyət
Çempionlar Liqasının qrup mərhələsində “Azərreyl”lə “Rabitə”nin, “Çelenc Cup”da “Bakı”nın rəqibləri yerli çempionatlarında növbəti matçlarına çıxıblar. Apasport.az saytının məlumatına görə, “dəmiryolçularla” qarşılaşacaq “Foppapedretti” İtaliya A seriyasında növbəti xal itkisi ilə üzləşib.

Onlar doğma divarlar arasında “Villa Korteze”yə 0:3 (28:30, 24:26, 14:25) ilə məğlub olub. “Foppapedretti” 6 turdan sonra 4-cü yerdə qərarlaşıb.

“Azərreyl”in digər rəqibi “Vakıfbank TTelekom” isə Türkiyə Super Liqasının debütantı “Ereğli Bələdiyyəsi” ilə oynayıb. Matç gözlənildiyi kimi Çempionlar Liqasının son qalibinin 3:0 (25:16, 25:22, 25:13) hesablı qələbəsi ilə yekunlaşıb.

Fransa birinciliyində Azərbaycan çempionu “Rabitə”nin rəqiblərindən isə “Myulhaus” “Bakı” ilə qarşılaşacaq “Evre” ilə qüvvəsini sınayıb. Səviyyə fərqi görüşdə özünü göstərib və Çempionlar Liqasının iştirakçısı səfərdə 3:0 (25:21, 27:25, 25:20) hesabı ilə qalib gəlib. Beləliklə, 5-ci turdan sonra “Myulhaus” 4-cü, “Evre” sonuncu – 12-cidir.

Dünya çempionumuzla oynayacaq Almaniya “Drezdner”i də oyununu qələbə ilə başa vurub. Onlar “Berlin”ə 3:1 (25:15, 25:15, 25:27, 25:15) hesabı ilə qalib gələrək, turnir cədvəlinin 5-ci pilləsinə qalxıblar.

Zoran Qayiçin yetirmələrinin digər rəqibi “Fənərbaxça” da Türkiyə çempionatında növbəti qələbəsini qazanıb. “İllər Bankası”nın qonağı olan “sarı-lacivərdlilər” 3:0 (25:14, 25:14, 25:18) hesabı ilə qalib gəliblər vahid liderliklərini qoruyublar. 5 turdan sonra onlardan 6 xal geri qalan “Vakıfbank TTelekom” isə 4-ci yerdədir.
0