“İqtisadçı” inamlı qələbə ilə debüt etdi - YENİLƏNİB
29.11.2011 - 19:11
“İqtisadçı” inamlı qələbə ilə debüt etdi - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında CEV kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, 1/16 final mərhələsindən başlayan yarışın ilk oyun günündə Bakının “İqtisadçı” klubu mübarizəyə qoşulub. Voleybolçularımız Rumıniyanın “Dinamo-Romprest” komandası ilə görüşüb.

Super Liqaya qələbə ilə start verən “İqtisadçı”nın heyətini gücləndirməsi və artıq beynəlxalq təcrübəyə malik olmağı avrokubokda nəticəsini verib. Belə ki, ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində “Rabitə” ilə hər 2 görüşdə məğlubiyyət acısı yaşayan buxarestlilər Bakıda yenə eyni aqibəti yaşayıb. Gözlənildiyi kimi, evdə uduzmağı sevməyən Azərbaycan çempionatının bürünc mükafatçısı debüt etdiyi CEV kubokuna qələbə ilə başlayıb. Özü də “tələbələr” yarışın favoritlərindən hesab olunan “Dinamo-Romprest”ə asanlıqla, set vermədən qalib gəlib. Qələbəmizi rəsmiləşdirən son set rəqibin darmadağın olunması – 15 xallıq üstünlüyümüzlə yadda qalıb.

“İqtisadçı” – “Dinamo-Romprest” - 3:0 (25:16, 25:21, 25:10)
Hakimlər: İlhami Senyurt (Türkiyə), Pavel Enderson (Rusiya).