"Filenin sultanları"na böyük mükafat – Hər voleybolçuya 112,5 “Cümhuriyyət qızılı”
08.09.2026 - 12:57
"Filenin sultanları"na böyük mükafat – Hər voleybolçuya 112,5 “Cümhuriyyət qızılı”

Avropa çempionu olan Türkiyənin qadın voleybol millisinin üzvlərinə veriləcək mükafatın məbləği müəyyənləşib.

Apasport.az xəbər verir ki, Türkiyənin Gənclər və İdman Nazirliyinin mükafatlandırma qaydalarına əsasən, yığmanın hər voleybolçusuna 112,5 “Cümhuriyyət qızılı” veriləcək.

Hazırkı qızıl qiymətləri ilə bu, hər idmançı üçün təxminən 5 milyon 15 min lirə deməkdir. 14 nəfərlik heyətə veriləcək qızılın ümumi dəyəri isə təxminən 70,2 milyon lirəyə çatır.

Qaydalara görə, Avropa çempionu olan olimpiya növlərinin idmançılarına maksimum 150 “Cümhuriyyət qızılı” verilə bilər. Turnir iki ildən bir təşkil olunduğu üçün Türkiyə millisinin üzvləri bu məbləğin 75 faizini – 112,5 qızılı əldə edəcəklər.

Qeyd edək ki, "Filenin sultanları" finalda İtaliyanı 3:2 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu olub. CEV də çempionluğa görə Türkiyə Voleybol Federasiyasına 500 min avro mükafat ayırıb.