Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a məğlub olan Maltanın “Valletta” klubunun yarımmüdafiəçisi Uqo Fariyanın apasport.az saytına müsahibəsi
- Oyun haqqında nə deyə bilərsiniz?
- Nə deyim? Hər şeyi gördünüz. Matça çox pis başladıq. İlk dəqiqələrdə həm qol buraxdıq, həm də qırmızı vərəqə aldıq. Ondan sonra nəyisə dəyişmək çox çətin idi. Biz “Qarabağ” kimi komanda ilə oynayırdıq. Çətin oldu.
- Hakimlikdən narazısınız?
- Bu futboldur və hakim səhvləri bu oyunun bir hissəsidir. Hakim matçın sahibidir. Nə qərar versə, ona hörmətlə yanaşmaq lazımdır. Mən şəxsən onun qərarlarına hörmət edirəm. Referidən narazı deyiləm.
- İlk oyunda doğma meydanda məğlub olmuşdunuz. Bakıya gələrkən qələbəyə ümid edirdiniz?
- Əlbəttə. 1:0 heç də böyük hesab deyildi. İnanırdıq və mərhələ keçmək üçün gəlmişik. Alınmadı. Daha doğrusu erkən qol və qırmızı vərəqə ümidlərimizin üstündən xətt çəkdi. Düzdü, “Qarabağ” güclü rəqibdir, çətin olacaqdı. Amma onları keçmək mümkünsüz deyildi.
- “Qarabağ”ın sizə 4 qol vurması gözlənilən idi?
- Normaldır. Futbolda hər cür məğlubiyyətə hazır olmalıyıq. Hesab daha da böyük ola bilərdi. Bəlkə daha az qol buraxardıq. Futbolda hər şeyi gözləniləndir. Amma oyundan öncə biz qələbəmizi gözləyirdik.
- “Qarabağ” sizi nə ilə təəccübləndirdi?
- Onlar özlərində çox yaxşı top saxlayırlar. Heyətlərində güclü futbolçular var. Amma təəccübümə səbəb olacaq bir şey yox idi. “Valletta” onlardan heç də zəif deyildi.
- Sizi məğlub edən bu komanda növbəti turda daha çətin rəqiblə - Avstriyanın “Zalsburq” klubu ilə qarşılaşacaq. Necə düşünürsünüz, “Qarabağ” bu mərhələni də keçə bilər?
- Çox maraqlı oyun olacaq. Düşünürəm ki, Azərbaycan klubu mərhələ keçə bilər. Həmin oyunu izləyəcəyəm. Görək necə olacaq.
Elsevər MƏMMƏDOV