Azərbaycan millisinin voleybolçusu Olena Həsənovanın apasport.az saytına müsahibəsi
- Super Liqa başa çatdıqdan təxminən 1 həftə sonra yığmanın təlim-məşq toplanışı start götürdü. Mövsümün yorğunluğunu üzərinizdən ata bildizmi?
- Mövsüm başa çatdıqdan sonra dincəlmək üçün vaxtımız oldu. Yığmanın hazırlığına yeni güclə başladıq.
- Aprelin 7-dən toplanışa başlamısız. Bu barədə nə deyə bilərsiz və məşqlər necə gedir?
- Hər şey yüksək səviyyədə təşkil olunub. Rəhbərlik növbəti oyunlara yaxşı hazırlaşmaq üçün bizə lazım olan bütün şəraiti yaradıb. Artıq məşq prosesi başlayıb və toplanış yaxşı keçir.
- Yığmada sizin mövqeyinizdə böyük rəqabət var. Aynur Kərimova, Ayşən Abduləzimova, Kseniya Poznyak kimi təcrübəli oyunçularla əsas heyətə düşmək uğrunda mübarizə aparmaq çətin olmayacaq ki?
- Düşünürəm ki, rəqabətin olması yaxşı haldı. Çünki bu, idmançıya öz üzərində daha çox çalışmağa stimul verir. Bunun nəticəsində də yaxşı oyun göstərib, əsas heyətə düşmək olur.
- Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və yığmanın baş məşqçisi Faiq Qarayev oyununuzu bəyəndiyini və sizi Super Liqanın ən yaxşı voleybolçusu saydığını deyib. Onun sözlərini sübuta yetirə biləcəksizmi?
- Faiq Qarayev haqqımda bu cür fikir bildirdiyi üçün şadam. Çalışacam ki, onun sözlərini sübuta yetirim.
- Qarşıda yığmamızı 3 turnir – İslam Həmrəyliyi Oyunları, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələləri gözləyir. Bu yarışlardan gözləntiləriniz nədi?
- Hər 3 turniri vacib hesab edirəm. Çox istərdim ki, İslamiadada çempion olaq. Ardınca dünya çempionatının seçmə mərhələsini uğurla başa vuraq və Avropa çempionatında medalçılar sırasına düşək.
- Bir neçə gün öncə İslamiadanın püşkü atıldı. Yığmamız Türkiyə, Kamerun, Tacikistan və Qırğızıstana rəqib oldu. Qrupu necə dəyərləndirərdiz?
- Layiqli rəqiblərdi. Biz yerli azarkeşlər qarşısında keyfiyyətli voleybol göstərməyə və qrupun qalibi olmağa çalışacağıq.