"Formula-1" üzrə Azərbaycan Qran-prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb.
Bakı Şəhər Halqasından apasport.az saytına verilən məlumata görə, dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub.
Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.
Qeyd edək ki, M. Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb.
“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram”, - deyə Arif Rəhimov söyləyib.
Qeyd edək ki, yeni yarış təqvimində "Formula-1" üzrə Azərbaycan Qran-prisi FIA "Formula-1" dünya çempionatının beşinci yarışıdır və 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək. 2016-cı ildəki debütündən etibarən "Formula-1" üzrə Azərbaycan Qran-prisi altı il ərzində hər il fərqli qalib olmaqla, bu avtoidmanın ən həyəcanlı və gözlənilməz yarışına çevrilməyi bacarıb.
Bu ilin iyununda Bakıda uğurla keçirilmiş yarışı 78 min azarkeş izləyib, yarışda hazırkı dünya çempionu Maks Ferstappen qələbə qazanıb.