
Yəqin ki, “Sumqayıt”da baş verən son hadisələrdən xəbərdarsız. Qısa icmal keçəsi olsaq, uğursuz nəticələr fonunda Vaqif Cavadov istefaya göndərildi. Komanda müvəqqəti olaraq Vurğun Hüseynova tapşırıldı.
İndi komandanın taleyi həmin posta kimin gətiriləcəyindən asılıdır. Namizədlər bəllidir. Klubun maraq dairəsində iki məşqçi yer alır. Belaruslu Aleksey Baqa və Arif Əsədov.
Baqa daha öncə də “Sumqayıt”ı çalışdırıb. Unutmamısınızsa, 3 il öncə Riad Rəfiyev Ayxan Abasovu göndərib məhz onu kluba gətirdi. Belaruslunun rəhbərlik etdiyi komanda mövsümü 6-cı pillədə tamamladı. Özü də 8 komandalı çempionatda. Çox keçmədən klub prezidenti tərəfindən o da istefaya göndərildi. Yerinə Samir Abasov təyin olundu.
Abasov ondan qalan artıqları təmizlədi, komandanı toparladı, “Sumqayıt”ı Konfrans Liqasına çıxardı. Onun varlığı bəzilərinə sərf etmirdi deyə uğurlu transferlər edilmədi, komanda avrokubokların ortasında yarımcan qaldı. Abasov da “Sumqayıt”dan başını götürüb qaçdı.
Qayıdaq hazırkı namizədlərə. Aleksey Baqa belaruslu futbol mütəxəssisidir. Lakin getdiyi heç bir yerdə uğurlu olmağı bacarmayıb. Son 5 ildə 6 klub dəyişdirib. Dəyişdirib demək də doğru olmaz, birbaşa istefaya göndərilib. Bunların 4-də heç ilini tamamlaya bilməyib. Ciddi bir uğuru da yoxdur.
Amma onun “Sumqayıt”a təyinatı bəziləri üçün uğurlu addımdır. Niyə? Çünki Baqa başını aşağı salıb, pulunu qazanmağa baxan məşqçilərdəndir. Onun üçün nəticə qazanmaq məvaCİBdən sonra gəlir. Hansı futbolçunu gətirsələr, kimin oynamasını istəsələr ona da razılaşacaq. Özü isə çəkilib kənarda duracaq. Konfranslarda da uğursuzluğunu başqalarının üzərinə yıxacaq. Belə də ki, Sumqayıt, ölkə futbolu nə vecinə?
Arif Əsədovun təyinatı həmin kütlələrə sərf etmir. Əllərində oyuncaq edə bilməyəcəkləri, ciddi uğurları olan və ən əsası sumqayıtlı mütəxəssisdir. Baqadan fərqli olaraq, Əsədov Premyer Liqadakı ilk ilində Azərbaycan çempionu olmağı bacarıb. Həmçinin milli komandada baş məşqçilik edib. Onun Baqadan əsas üstünlüyü “Sumqayıt”ı və şəhəri sahiblənə bilməsi, uğura ac olmasıdır. Amma mənfiləri də var.
Əsədov Baqa kimi çəkilib kənarda duracaq birisi deyil. Qollarını çırmalayıb komandanı təmizləməyə çalışacaq. Bunu yüz faiz bacaracaq demirəm, amma ən azından çalışacaq. Həm də özümüzünküdür. Futbolçuların dilini bilir, kimi necə motivasiya etməli olduğundan xəbərdardır, titul lövhəsi də tozlanmayıb.
Sumqayıt yarandığı gündən futbol şəhəridir. Ölkə futboluna saysız-hesabsız mütəxəssis və futbolçu bəxş etməyi bacarıb. Bu cür şəhərin komandası belə halda olmamalıdır. Kənardan gələnlər mövzunu tam dərk edə bilməyəcək. Abasovun dövründə “Sumqayıt”ın necə olduğunu görmüşük. Bu kluba sumqayıtlılar yaraşır. Necə ki, “Kəpəz”də gəncəlilər işləməlidir. Amma orada yaşanan mənfi hadisələr, xaosdan fərqli olaraq, sakit və təmkinli davranmaq lazımdır. Şəhərin tək komandasını klubun ciddiliyini dərk edən mütəxəssisə təhvil vermək, arxasında durmaq, dəstək olmaq vacibdir.
Nəzərinizə çatdırım ki, klubun son ciddi uğuruna imza atan şəxs də sumqayıtlıdır. Məhz Samir Abasovun komandası Konfrans Liqasına vəsiqə qazandı, iki-üç ciddi transfer reallaşsa, “Fehervar”ı belə mübarizədən kənarlaşdıracaqdı.
Legioner gətirib ətəklə pul töküncə, yerli məşqçilərimizin təcrübəsinə güvənmək lazımdır. Çünki futbolda qələbə üçün məşq kifayət etmir. Günümüzün futbolunda motivasiya, rəqibi tanımaq, oyuna köklənmək də ciddi nüanslardır. Böyük ehtimalla da legioner mütəxəssis mövzulara tam hakim ola bilməyəcək, klubda baş verən hadisələrə səsini çıxarmayacaq.
Nə qədər ki, gec deyil, “Sumqayıt”ı xilas edə bilərsiniz. Təmkinli davranıb, doğru seçim etmək lazımdır. Növbəti dəfə şəhərin tək komandasını oda atmayın...