Azərbaycan Premyer Liqasının XII turunun "Sumqayıt" - "Araz-Naxçıvan" (2:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
- Çətin oyun oldu. Məğlub olanda nələrisə demək asan deyil. İsti başla nəsə deməyin yeri yoxdur. Fasilədən sonra yaxşı oynadıq. Məğlubiyyətdən nəticə çıxaracağıqsa, deməli, qələbədir. Zəif oynamağımız normaldır, nəticə çıxarmalıyıq.
- Komandada nə çatmadı?
- Rotasiyalar üçün böyük heyətimiz yoxdur. Legioner baxımından problemimiz yoxdur, amma yerli oyunçularda çətinlik çəkirik. Bayraməlini meydana buraxdıq. Heç kim onu tanımırdı, ancaq özünü yaxşı göstərə bildi. Azərbaycan futboluna oyunçu qazandırmaq istəyirik.
- "Qarabağ"ı məğlub edəndən sonra futbolçularda rahatlıq yarandığını düşünmək olar?
- Xeyr. Bu gün vacib olan odur ki, nə etdiyimizi bilirik. Çalışmaq lazımdır. Böyük ölçüdə rəqibə uduzduğumuzu deməzdim.
- Orxan Əliyevin startda olmaması nə ilə bağlıdır?
- Son iki oyunda əsas heyətdə idi. Zəhərlənmişdi, ona görə ehtiyatda saxladıq, sonra meydana buraxdıq. Səhhətində olan problemə görə startda olmadı.
- Avrokubok hədəfi varmı?
- Düşündüyüm oyundan-oyuna komandanı hazırlamaqdır. Hazırda zədəlimiz yoxdur, bu, bizi sevindirir. Gedişat yaxşı irəliləməkdir. Avrokubok olacaq, ya olmayacaq, bu, başqa məsələdir. Biz artıq başımızdan yuxarı tullanmışıq.
- Çempionat başlayanda hədəf liqada qalmaq idi?
- Deməzdim. Situasiyanı nəzərə almaq lazımdır. Digər komandalardan nədə üstünük baxmalıydıq. Maksimum əlimizdən gələni edirik. Başqa şeylər haqda düşünmürük.
- İndidən transferini düşündüyünüz futbolçular var?
- Var, amma alınacaq, ya yox, bunu bilmirik. Transfer dönəmində dəvətlərimizi göndərəcəyik. İşimizi aparırıq, bəyəndiyimiz oyunçular var. Bugünkü gündə ən böyük problemimiz yerli oyunçu qıtlığıdır.
- Keçmiş mətbuat katibiniz Tahir Tahiroviçi sizi Azərbaycanın ən yaxşı baş məşqçisi adlandırdı...
- Bir az emosiyalara qapıldı. O da sevdiyimiz şəxsdir. İndi kimsə deyə bilməz ki, Qurban Qurbanovdan böyük məşqçi var. Onun etdiklərinin heç dırnaq qədərini etməmişik. Azərbaycan futbolunda Qurban Qurbanov var, yerdə qalanlar isə çalışır ki, hardasa ona mane olsun. Onu bizim kimi məşqçilərlə müqayisə etmək olmaz.