Bəxtiyar Musayev: "Qarabağ" bu tərzdə oynamağı xoşlamır” - MÜSAHİBƏ
04.12.2023 - 15:37
Bəxtiyar Musayev: "Qarabağ" bu tərzdə oynamağı xoşlamır” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi

- "Qarabağ"ın "Molde" ilə görüşünə bəlkə də yenidən baxmısız. Təmsilçimizin Norveçdəki oyununu necə dəyərləndirirsiz? “Qarabağ” gözlədiyiniz kimi oynadı?
- "Qarabağ" Norveçdə çox vacib görüşə çıxmışdı. Şükürlər olsun ki, komandamız Bakıya qənaətbəxş nəticə ilə qayıtdı. Oyun "Qarabağ"ın çox da istədiyi kimi alınmasa da, əsas nəticə idi. Yaxşı ki, son dəqiqədə bərabərlik qolunu vurduq və Bakıya lazımlı nəticə ilə qayıtdılar.

- Sizcə, 82-ci dəqiqəyə qədər üstünlük "Qarabağ"da olsa da, niyə birdən-birə hər şey "Molde"nin xeyrinə dəyişdi? Arxayınçılıq, yoxsa "Molde"nin təzyiqi bəhrəsini verdi?
- "Molde" çox yaxşı, səviyyəli komandadır. Qrupa düşməmişdən "Qalatasaray"la matçlarına baxmışdım. Hər iki matçda oyun üslubunda onlardan geri qalmamışdılar, hətta "Qalatasaray"dan üstün idi, xeyli qol epizodları yaratmışdılar. "Qarabağ"la matçda isə 82-ci dəqiqədən sonra qolları gəldi. Amma ondan qabaq da bir neçə qol şansları var idi. "Molde" daha əvvəl də hesabı bərabərləşdirə bilərdi. Lakin qollar son dəqiqələrdə gəldi. Arxayınlıq deyildi. "Qarabağ" üstün, 1:0 öndə idi. Burada istər-istəməz, hətta məşqçi bir az geridən oynamaq tapşırığı verməsə də, futbolçularda düşüncə olur ki, hesab qaneedicidir, daha çox risk etməyək, oyunu müdafiədən quraq. Ona görə də komanda bir az geriyə çəkilir. Amma "Qarabağ" bu tərzdə oynamağı xoşlamır, alınmır. Komandamız öndə pressinq edəndə, rəqibi öz meydançasından uzaqlaşdıranda daha güclü görünür. Lakin müdafiədə olanda, təəssüf ki, bəzən belə qol epizodları da verir. 

- Yeri gəlmişkən, Kevin Medina meydanda olana qədər sanki müdafiə xətti daha aqressiv, sərt görünürdü. Təbii ki, bir oyunçu ilə nəyisə müqayisə etmək bəlkə də doğru olmaz. Amma sırf Medinanın zədələnərək meydandan çıxması birdən-birə "Molde"nin iki qol vurmasına kömək oldu...
- Medina “Qarabağ” üçün çox önəmli futbolçudur. Çox əla matçları olub. Komandanın müdafiədəki dirəyidir desəm, yanılmaram. Müdafiə olunmağı bacaran, birəbir mübarizələrdə çox güclü futbolçudur. Amma qolların gəlməsini sırf Medinanın əvəzləməsi ilə əlaqələndirməzdim. Bayaq da dediyim kimi, "Molde" ondan əvvəl də bir sıra qol epizodları yaratmışdı. Nə bilim... Bəlkə də, Medina olsaydı, qollar buraxmazdıq. Ancaq o meydanda ola-ola da rəqibin təhlükəli epizodları var idi. "Molde" meydanda nə etmək istədiyini bilən komandadır. Çox sürətli hücuma keçirlər və hücumda da anlaşma çox yaxşı idi. Rahatlıqla qol epizodları yaradırdılar. 

- Matçdan öncə daha çox müzakirə edilən isə Julio Romaosuz "Qarabağ"ın orta xəttinin özünü necə göstərməsi idi. Onsuz orta xətdə yer alanlar işinin öhdəsindən gəldi?
- Bəli, Romaonun oynamaması hardasa "Qarabağ"a təsir etdi. Çünki onun kimi dinamik, ayaqda güclü, fiziki güclü futbolçuya ehtiyac var idi. O, komandaya gələndən sonra çox fərqli futbol oynayır. İlk gəldiyi günlərdə bu qədər yaxşı çıxış etmirdi. Romao "Qarabağ"da çox artırdı. Əsasən də, futbolçu biliyi sarıdan belə oldu. Əvvəl sanki harada nəyi etməli olduğunu indiki qədər bilmirdi. Ancaq bunun öhdəsindən gəlib, fiziki gücü isə həmişə yerindəydi. İndi həm fiziki gücü var, həm də futbolçu biliyi də yaxşılaşıb. Ona görə də, "Qarabağ" üçün çox vacib fiqurdur. Romao meydanda olsaydı, inanmıram ki, "Molde" bu cür təzyiq göstərib, qol epizodları yaradardı. Bəli, Norveçdəki görüşdə onun yeri görünürdü.  Patrik Andrade onu əvəzlədi. Əziyyət çəkdi, vuruşdu, lakin sırf Romao kimi olmadı, oyunu ondan yaxşı alınmadı.   

- "Qarabağ"ın artıq qrupdan çıxmaq şansı öz əlindədir. Bakıda "Hekken"lə görüşdə "Qarabağ"ın qalib gəlmək şanslarını necə dəyərləndirirsiz? "Qarabağ"ın çox istəkli olması işlərinə mane olmaz?
- Bəli, qələbə qazanmaqla qrupdan çıxacağıq. Almaniyadakı hesabdan asılı olaraq, "Qarabağ"a bərabərlik də bəs edə bilər. Ancaq məncə, "Qarabağ" Bakıda "Hekken"ə qalib gəlməklə, bu işin öhdəsindən gələcək. Komandamıza uğurlar arzulayıram. Son qarşılaşmadır. Əminəm ki, komandamız evdə "Hekken"i udmaqla, qrup ikinciliyini təmin edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0