Azərbaycanın cüdo üzrə milli yığma komandası 20 fevraldan etibarən Yaponiyada Kokuşikan Universitetində təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.
Apasport.az xəbər verir ki, təlim-məşq toplanışına böyüklərdən ibarət milli yığma komandanın 17 üzvü qatılıb. Hazırlıq prosesi martın 4-dək davam edəcək.
Kişilərdən ibarət milli yığmanın komandasının baş məşqçisi Rixard Trautmanın sözlərinə görə, sözü gedən təlim-məşq toplanışı may ayında Qətərdə baş tutacaq dünya çempionatına uzunmüddətli hazırlığın bir hissəsidir. Həmçinin hazırlıq prosesi milli yığmanın idmançılarının bilik və bacarıqlarını artırmaq üçün əla fürsət yaradır: “Təlim-məşq zamanı idmançılar dözümlülüklərini artırırlar. Əsasən klassik üslubda güləşən idmançılara qarşı hücum və müdafiəni təkmilləşdirirlər”.
Qeyd edək ki, təlim-məşqdə Azərbaycan idmançıları ilə yanaşı, İsrail, Gürcüstan, Almaniya və Yaponiya milli yığmalarının idmançıları da iştirak edir.
Təlim-məşq toplanışında Kəramət Hüseynov, Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (hamısı 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Nurlan Osmanov (hər ikisi 73 kq), Səid Mollayi, Rüstəm Orucov, Zelim Tçkayev, Elcan Hacıyev (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Camal Həmzətxanov (+100 kq) iştirak edir.
Cüdoçularımıza performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Rixard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir.