Elvin Bədəlov: "Millidə hazırkı futbolçularla uğur qazanmaq mümkündür" - Müsahibə
30.05.2024 - 15:38
Elvin Bədəlov: "Millidə hazırkı futbolçularla uğur qazanmaq mümkündür" - Müsahibə

"Sumqayıt"ın müdafiəçisi, Azərbaycan millisinin Qazaxıstan (7 iyun) və Albaniya (11 iyun) yığmalarına qarşı keçiriləcək yoxlama matçlarına dəvət alan Elvin Bədəlov apasport.az saytına müsahibə verib.

- "Sumqayıt"ın heyətində avrokuboklara vəsiqə qazana bildiniz. Mövsüm sizin üçün necə alındı? İstədiyiniz nəticə bu idi, yoxsa Avropa Liqasına iddialı idiz?
-
 Əlbəttə ki, əla mövsüm keçirdik. Bu uğurda klubdakı hər bir kəsin payı var. Hər kəsə də çox sağol düşür. Şadam ki, bu istəyimizi reallaşdıra bildik. 2022/2023-cü illərdəki uğursuz mövsümdən sonra bizdən nəinki Avropa Liqası, heç Konfrans Liqasına vəsiqə qazanmaq da məqsədi qoyulmamışdı. Ancaq biz maksimumu bacardıq və ona görə də çox xoşbəxtik. Həqiqətən də, bu məqsədə çatmağımız bizi çox sevindirir. 

- Necə düşünürsən, "Sumqayıt" avrokuboklarda hansı nəticəni qazana bilər? Mərhələlər adlamaq, qruplara qalmaq gücünüz var?
-
Avrokubokların qruplarında oynamaq bu gün real deyil. Biz ötən mövsüm elitada qalmaq üçün oynayırdıq. Bunu yaddan çıxartmayaq. Ancaq güclənsək, mərhələ keçə bilərik. Neçə mərhələ keçəcəyimizə gəldikdə isə, bu, heyətimizdən asılı olan məsələdir. Ümid edək ki, hər şey yaxşı alınacaq. Biz özümüz də maksimumu etmək üçün çalışacağıq.

- Demək olar ki, hazırkı "Sumqayıt" tarixinin ən güclüsüdür? Çünki uzun illərdir bu komandada oynayırsan, fərqli illərdəki heyətləri də yaxşı xatırlayırsan...
-
Bu suala cavab vermək çətindir. Ümumiyyətlə, "Sumqayıt"ın əvvəlki zamanlarında da oynamışam, indi də komandada oynayıram. Komandanın müxtəlif illərdəki heyətlərini isə müqayisə aparmaq istəməzdim. 

- Bu mövsümü ən yaxşı keçirənlərdən birisən. Özün üçün mövsümü necə dəyərləndirirsən? Heç fərqli klublardan təkliflər almısan, yoxsa yeni mövsümə "Sumqayıt"da başlamaq istəyirsən?
-
Şükürlər olsun ki, bu mövsüm mənim üçün pis alınmadı. Amma əlbəttə ki, daha çoxunu da edə bilərəm. Bunun üçün çalışmalıyam. Təkliflərə gəlincə, mövsüm yeni bitib. Söz-söhbət həmişə var. Lakin "Sumqayıt"la qüvvədə olan daha bir illik müqaviləm var və indi bu klubun futbolçusuyam.

- Yeri gəlmişkən, Azərbaycan millisinin toplanışına dəvət edildin. Qazaxıstan və Albaniya yığmalarına qarşı keçiriləcək matçları haqda nə düşünürsən? Səncə, həmin görüşlərdə sənə şans veriləcək?
-
Millidə olduğum üçün çox sevinirəm. Həmişəki kimi, mənim üçün də millidə yer almaq böyük şərəfdir. Oyunlara gəldikdə, Qazaxıstan və Albaniyaya qarşı bizi çətin matçlar gözləyir. Albaniya çox artırıb, Qazaxıstan millisinin isə yaxşı nəticə verə bilən komanda olduğunu anlayırıq. Bu mənada, hər iki görüş çox çətin olacaq. Lakin biz qələbə də qazana bilərik. Arif müəllim bildirdi ki, hamıya şans veriləcək. Ona görə də, mən hər zaman hazır olmalıyam.

- Azərbaycan millisi Millətlər Liqasının qrupunda Slovakiya, İsveç və Estoniya ilə qarşılaşacaq. Səncə, milli bu qrupda uğur qazana bilər? 
-
Təbii ki, uğur qazanmaq olar. Biz ona inanırıq. Çalışacağıq ki, maksimumu edək. Həmişəki kimi, bizim yaxşı millimiz var. Hazırkı futbolçularla uğur qazanmaq mümkündür. Bunu özümüz də anlayırıq və ona görə də sona qədər mübarizəmizi aparacağıq. Ümid edirəm ki, hər şey yaxşı alınacaq.

writer photo
Əlirza Əlirzalı
0