“Araz-Naxçıvan”dan təklif gəlmədi. Ona görə də bu klubda qalmadım. Azərbaycanın digər klublarından da dəvət olmayınca, artıq oranı tərk elədim. Təklif göndərən digər klublarla danışıq apardım. Sonda isə “Qostivar”la anlaşdım və artıq bu komandanın üzvüyəm”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Araz-Naxçıvan”dan ayrılaraq Şimali Makedoniyanın “Qostivar” klubuna keçən Elvis Maşike deyib.
“Fənərbaxça”nın sabiq futbolçuları Mussa Sou, Nabil Dirrarla komanda yoldaşı olan Maşike komandanın baş məşqçisi, sabiq “Qarabağ”lı Muarem Muaremdən də bəhs edib. O, Muarremin onu məhz “Qarabağ”la görüşdə bəyəndiyini bildirib:
“Transferim necə baş tutdu? Baş məşqçi mənimlə söhbət etdi. O, məni elə “Qarabağ”a qarşı oyunda görübmüş. “Qarabağ” - “Araz-Naxçıvan” matçını nəzərdə tuturam. Həmin oyunda mənim oyunumu görüb və həmin oyundakı performansım, necə oynamağım onun xoşuna gəlib. İndi də artıq buradayam. Bəli, onunla söhbətimiz olur. Söhbətləşdik və ümumilikdə razılaşdıq ki, Azərbaycan hər ikimiz üçün də böyük futbol təcrübəsidir”.