“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Rumıniyaya qayıtmaq ehtimalı yüksəkdir.
Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssis yenidən “Styaua”nın sükanı arxasına keçməkdə israrlıdır.
Bildirilib ki, “Neftçi” ilə razılığa əsasən, müqaviləyə xitam vermək istəyən tərəf 500 min avro təzminat ödəməlidir. Regekampf isə qarşılıqlı razılıqla yolların ayrılacağına ümid edir. “Styaua”nın prezidenti Gigi Becali də yeni çalışdırıcının adını DÇ-2022 zamanı açıqlamağı düşünür. Onun bu məsələni ləngitməsinin səbəbi məhz Regekampfla aparılan danışıqların hələ yekunlaşmamasıdır.
“Universitatya Krayova 1948”in sahibi Adrian Mititelu da bu keçidin baş tutacağına inanır. O, yaxın dostu Regekampfın “Styaua”nı arzuladığını söyləyib: “Rege ilə Dubayda olarkən danışmışam. O, Dan Petresku ilə birlikdə Rumıniyanın ən yaxşı məşqçisidir. Başa düşə bilmirəm ki, “Styaua” rəhbərliyi niyə Regeni baş məşqçi gətirmir? Axı o, bunu çox arzulayır”.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev isə apasport.az saytına açıqlamasında yayılan məlumatları təkzib edib: “Demək olar ki, 10-15 gündən bir bu cür informasiyalar yayılır. Rumıniya mətbuatı onu gah “Styaua”ya aparır, gah da başqa komandaya. Baş məşqçi mətbuat konfranslarının birində bu sualı cavablandırmışdı ki, belə məlumatların çıxması normaldır, ancaq “Neftçi” ilə müqaviləm var və yalnız bura köklənmişəm. Bizə “Styaua” və ya başqa bir klubdan baş məşqçi ilə bağlı nə şifahi, nə də yazılı təklif daxil olub. Həmçinin Regekampfın da rəhbərliklə heç bir danışığı olmayıb. Baş məşqçinin “Neftçi” ilə müqaviləsi davam edir və bu klubla bağlı planlarını həyata keçirməyə çalışır. Yəni bu cür xəbərlər heç bir həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Hazırda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “ağ-qaralar” lider “Qarabağ”dan 13 xal geri qalır.