“Neftçi”nin prezidenti: “Bu, hər iki tərəf üçün faydalı olacaq”
19.08.2023 - 11:16
“Neftçi”nin prezidenti: “Bu, hər iki tərəf üçün faydalı olacaq”

“Procter&Gamble” şirkəti “Neftçi” Peşəkar Futbol Klubu ilə sponsorluq barədə saziş imzalayıb. 

Apasport.az saytının məlumatına görə, qarşıdakı 1 il ərzində şirkət “Braun” markasının məhsullarının tanıdılmasında Peşəkar Futbol Klubu ilə əməkdaşlıq edəcək.

Bu gün müqavilənin imzalanma mərasimi keçirilib. Tədbirdə P&G-nin Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze iştirak edib.

O bildirib ki, “Neftçi” Azərbaycan futbolunun əfsanəsidir və şirkət bu əfsanəvi klubun uğurlarının dövrümüzdə də davam etməsinə çox şaddır: “P&G olaraq biz bu uğurları müşahidə etməklə kifayətlənmək istəmirik, ona öz töhfəmizi vermək və onun bir hissəsi olmaq istəyirik. Bu il “Procter&Gamble” şirkəti Azərbaycanda 25 illik yubileyini qeyd edir. Bu münasibətlə biz “Neftçi” və 100 ildən artıq tarixə malik olan, innovasiya və yüksək keyfiyyəti, möhtəşəm dizaynı ilə fərqlənən “Braun” markası arasında tərəfdaşlıq müqaviləsi imzalayırıq. Əminik ki, “Braun” məhsullarının istifadəçiləri arasında “Neftçi” azarkeşləri də var və onlar bu iki tarixi brend adını bir yerdə görməyə şad olacaqlar”.

P&G rəsmisi qeyd edib ki, Azərbaycanda fəaliyyətinin 25 ilində ölkənin iqtisadi həyatında əhəmiyyətli yer tutan şirkət öz məhsulları ilə, demək olar ki, hər bir ailənin də həyatına toxunub. Təmizlik və gigiyena məhsulları istehsal edən P&G həm də sağlam həyat tərzinin təbliğatçısı olub. 

Qabriadze vurğulayıb ki, böyük sosial layihələrə imza atan şirkət Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıqla 2012-ci ildə London Olimpiya Oyunlarında milli komandanı dəstəkləyib, 2015-ci ildə Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olub, Azərbaycanda fəaliyyətinin 20-ci ildönümü münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə sazişə imza atıb: “Neftçi ilə isə bu, şirkətin ikinci əməkdaşlığıdır. 2021-ci ildə insanların çətin pandemiyanı yaşadıqları və sağlamlıqları uğrunda mübarizəni keçdikləri bir vaxtda biz “Neftçi” ilə tərəfdaşlığa başladıq və bu tərəfdaşlıqdan böyük məmnunluq duyduq. Tərəfdaşlıq üçün “Braun” markasına gəldikdə, bu marka futbol azarkeşləri arasında böyük nüfuza malikdir və Türkiyə milli komandasının və əfsanəvi İtaliya klubu “Milan”ın da sponsorudur”.

“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov sosial məsuliyyətinə və idmana dəstəyinə görə P&G şirkətinə təşəkkür edib: “P&G bir dünya brendidir. Daima idmana, xüsusən də futbola göstərdikləri dəstəklə seçiliblər. Bu şirkətlə artıq 3-cü il olacaq ki, əməkdaşlıq edirik. Bu da “Neftçi”yə olan inamın göstəricisidir. Buna qədər “Old Spice” markası ilə tərəfdaş idik. Bundan sonra “Braun” ilə davam edəcəyik. Ümid edirəm ki, hər zaman klublarına dəstək verən şirkətlərin məhsullarına üstünlük verən azarkeşlərimizin seçimlərində bundan sonra da “Braun” ön sırada olacaq. Bu əməkdaşlığın hər iki tərəfə faydalı olacağına inanıram”.

Qeyd edək ki, “Procter&Gamble” (P&G) haqqında P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head&Shoulders® , Always®, Pantene® , Fairy® , Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərlər www.pg.com saytında yer alır.
 

writer photo
Əlirza Əlirzalı
0