Azərbaycan Basketbol Federasiyası ilə Monteneqro Basketbol Assosiasiyası arasında basketbol idman növünün inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Apasport.az xəbər verir ki, memorandum ABF-nin vitse-prezidenti Fərrux Mahmudov və Monteneqro Basketbol Assosiasiyasının prezidenti xanım Yelena Dublyeviç tərəfindən təsdiqlənib.
Əməkdaşlığın əsas məqsədi, federasiyalararası təcrübə mübadiləsinin aparılması, uşaq və yeniyetmə basketbolunun inkişaf etdirilməsi, müxtəlif yaş qrupları üzrə liqaların daha da keyfiyyətli vəziyyətə gətirilməsi olub. Bundan əlavə Anlaşma Memorandumunda məşqçi və yerli oyunçuların təcrübə mübadiləsi proqramları ilə bağlı əlaqələrin qurulması barəsində razılıq da öz əksini tapıb. 2024-2026-cı illəri əhatə edəcək memorandumun imzalanma mərasimindən sonra xanım Dublyeviç Azərbaycan Texniki Universitetin idman zalında Avropa çempionatında uğur qazanmış qız basketbolçularla görüşüb. U-16 millimizin məşqçilər korpusu və qızları təbrik edən xanım Dublyeviç, onlara gələcək yarışlarda və basketbolçu karyeralarında uğurlar arzu edib.