
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) rəhbərliyi Avropa Gənclər Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək paralimpiyaçılarla görüş keçirib.
Apasport.az xəbər verir ki, tədbirdə ARMPK-nın prezidenti Hidayət Abdullayev, vitse-prezident İlham Zəkiyev, baş katib Toğrul Rəhimov, idmançılar, məşqçilər və komitə nümayəndələri iştirak ediblər.
Görüşdə idmançılara olan inam ifadə edilib, qarşıdan gələn mötəbər turnirdə uğurlar arzulanıb.
Paralimpiyaçılarımız 7 idman növü üzrə – parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis və boccia – 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq.
Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya komandasının debüt edəcəyi 7-ci Avropa Gənclər Paralimpiya Oyunları 21-28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil ediləcək. 13-23 yaş qrupu üzrə keçiriləcək oyunlarda 33 ölkədən 700-ə yaxın idmançı 9 idman növündə medallar uğrunda mübarizə aparacaq.
Avropa Gənclər Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə iyulun 27-də keçiriləcək.