“Azərbaycanda çalışdığım 6 il ərzində burada böyük təcrübə və yaxın dostlar qazandım”.
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin sabiq baş məşqçisi Aleksandr Tarakanov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis baş məşqçi vəzifəsindən ayrılmasının səbəbini belə izah edib:
“Bu müddət ərzində mən və məşqçilər korpusum həm federasiya, həm də güləş azarkeşləri tərəfindən böyük dəstək gördük. Bəzən məşqçilik karyerasında yeni mərhələyə keçmək üçün fasilə götürmək və keçmiş təcrübələri yenidən nəzərdən keçirmək zəruri olur. Bir qədər istirahət etmək və ailəmlə vaxt keçirmək bu yolda mənə böyük dəstək olacaq. Bu səbəbdən qarşılıqlı razılaşma əsasında əməkdaşlığımızı başa vurduq. Fürsətdən istifadə edərək federasiya rəhbərliyinə, çiyin-çiyinə çalışdığım məşqçi həmkarlarıma və komandanın hər bir üzvünə təşəkkürümü bildirirəm. Gələcəkdə ehtiyac yaranacağı təqdirdə Azərbaycan güləşinin inkişafı naminə yenidən əmək sərf etməyə hazıram”.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olub. Həmçinin komanda Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.